Mercedes-Benz şirkəti bu gün işinə başlamış Detroyt avtosalonunda yenilənmiş GLA krossoverini təqdim etmişdir. Restaylinqə məruz qalmış avtomobil yeni ön fənərlərə, bir qədər dəyişdirilmiş ön bamperə və yeni formalı radiator barmaqlığına malik olmuşdur.
Yenilənmiş krossover asmanın üç variantı ilə təklif ediləcəkdir. Bunlar standart, hündürlüyü azaldılmış və ya klirensi 30 millimetr artırılmış asma sistemləridir. Bundan əlavə, krossoverin əlavə avadanlıq siyahısına işıqdiodlarından hazırlanmış ön fənərlər daxil edilmişdir.
Onlar əvvəlki biksenon fənərləri əvəz etmişdirlər. Mercedes-Benz GLA modelinin mühərrik çeşidinə 184 at qüvvəli yeni benzin mühərriki əlavə edilmişdir. GLA 220 modifikasiyası üçün təklif edilən mühərrik, həmçinin qoşulan tipli tam çəkiş sistemi ilə birlikdə təklif edilir. Digər mühərriklər əvvəlki kimi 150, 211 və 381 at qüvvəsi təklif edən dörd silindirli güc aqreqatlarıdır.
Yenilənmiş GLA modelinin avadanlıq siyahısına dairəvi görüntü sistemi, əllə hazırlanmış dəri ilə örtülmüş oturacaqlar, toqquşma təhlükəsi zamanı avtomatik əyləcləmə sistemi və avtomobilin arxa bamperinin altında olan verici vasitəsi ilə aşılan baqaj qapağı daxil edilmişdir. Yenilənmiş Mercedes-Benz GLA modelinin ən ucuz variantı 29840 avroya satılacaqdır.