Ford şirkəti Detroytda keçirilən avtosalonda Mustang kupesinin ekstremal Shelby GT500 variantını təqdim edib. Kupe 700 at qüvvəsinin üzərində gücə malik olan 5,2-litrlik kompressorlu V8 mühərrikinə sahib olub. Beləliklə, Shelby GT500 amerikan markasının tarixində olan ən güclü avtomobildir.
Shelby GT500 modelinin mühərriki iş həcmi cəhətdən Shelby GT350 modelinin Voodoo mühərrikinə yaxın olsa da, bu iki mühərrik arasında ümumi cəhətlər çox azdır. Roots kompressoru və maye interkuleri sayəsində mühərrik 700 at qüvvəsinin üzərində güc hasil edir. Ford Mustang Shelby GT500 modelinin mühərriki, soyuducu maye və yağ üçün nəzərdə tutulan genişləndirilmiş kanalları olan alüminium bloku və gücləndirilmiş sürgü qolu ilə təchiz edilir. Blok, daxilində axmaya qarşı mürəkkəb çəpərciklər sisteminə malik olan yağ altlığı ilə gücləndirilib.
Güc aqreqatı yeddi pilləli iki muftalı Tremec robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Ford Mustang modelində ilk dəfə quraşdırılan “robot” pillələrin dəyişdirilməsinə 100 millisaniyə sərf edir. Transmissiya trek və drəq rejimləri də daxil olmaqla beş iş rejiminə sahibdir. Ford nümayəndələri avtomobilin 60 mil/saat (96 km/saat) həddinə ortalama üç saniyəyə, 402 metrlik drəq məsafəsinə isə 11 saniyədən az müddətə sürətləndiyini iddia edirlər.
Ford Mustang Shelby GT500 dəyişən geometriyası olan asqıya, aktiv MagneRide amortizatorlarına və 420 millimetrlik diskləri və altıporşenli mexanizmləri olan Brembo əyləc sisteminə sahib olub. Həvəskar pilotlar üçün iki opsiyalar dəsti təklif edilir. Handling Package adlı birinci dəst ön dayaqların tənzimlənən söykənəcəyinin və Györni plankası olan spoylerin, ikinci Carbon Fiber Track Package dəsti isə, karbonplastikdən təkər disklərinin, Michelin Pilot Sport Cup 2 şinlərinin, karbondan hazırlanmış tənzimlənən antiqanadın, ön bamperdəki splitterin və kanardların quraşdırılmasını nəzərdə tutur. Yeri gəlmişkən, Carbon Fiber Trach Package dəsti ilə təchiz edilən avtomobillərdə arxa oturacaqlar quraşdırılmır. Bu çəkinin azaldılmasına xidmət göstərir.
Shelby GT500 modelini digər Mustang modelləri ilə səhv salmaq mümkün deyildir. Kupe çıxıntılı kapot və sahəsi iki dəfə böyüdülmüş hava girişləri ilə yanaşı, ön hissənin dəyişdirilmiş dizaynına sahibdir. Bunlara misal olaraq, radiator barmaqlığının formasını və yan hava girişlərini göstərmək olar.