Nissan şirkəti Detroytda keçirilən avtosalonda IMs konsept avtomobilini təqdim edib. Yapon istehsalçısı avtomobili «yüksək rahatlıqlı idman sedanı» kimi səciyyələndirib. Konsept salonu qeyri-adi quruluşuna malikdir - avtomobilin üçyerli arxa divanı iri dirsəkaltıları olan «birinci sinif» kreslosuna çevrilir.
Tamçəkişli prototip ön və arxa oxda quraşdırılan iki elektrik mühərriki ilə hərəkətə gəlir. Güc qurğusunun ümumi hasilatı 482 at qüvvəsi və 800 Nm təşkil edir. Mühərriklər 115 kilovat-saatlıq batareyalar blokundan qidalanırlar. Elektromobil dolu batareyalar ilə 612 kilometr qət edir.
Nissan IMs konseptinin təchizatına 22-düymlük təkər diskləri, yan güzgüləri əvəzləyən kameralar, «qarışdırılmış reallıq» sistemi, avtonom idarəetmə sistemi, həmçinin digər sürücü və piyadaları avtomobilin insanın iştirakı olmadan avtomatik rejimdə hərəkət etdiyini xəbərdar edən xüsusi indikatorlar daxildir. Bu indikatorlar kuzovun ön və arxa tərəfinin mərkəzində quraşdırılıb.
Avtopilot aktivləşdirilən an avtomobilin sükanı panelə tərəf «çəkilir», ön oturacaqlar isə salonun daxilinə tərəf dönür. Üçölçülü interfeysə malik olan «qarışıq reallıq» sistemi Şəbəkədən və ətraf məkandan məlumatı toplayır və onu vizuallaşdırır. Buna misal olaraq, marşrut üzərindəki tıxaclar və onlardan yaxa qurtarmaq üçün alternativ yolları göstərmək olar. Avtomobildə sürcünün ünsiyyat quracağı üçölçülü avatar da vardır.
Nissan şirkəti IMs konseptinin «seriyaya getməyə hazır olan avtomobil» olduğunu bildirib. Lakin, belə bir avtomobilin nə zaman buraxılacağı bildirilməyib.