Subaru şirkəti Detroytda keçirilən avtosalonda WRX STI sedanının S209 indeksli xüsusi trek modifikasiyasını təqdim edib. Bu günə qədər S-versiyaları yalnız Yaponiyada təklif edilirdilər. Artıq amerikalılar da belə avtomobilləri əldə etmək şansına sahib olublar.
Subaru Tecnica International (STI) bölməsi tərəfindən 2000-ci ildən başlayaraq buraxılan S-modelləri trekdə istifadə üçün təkmilləşdirilirlər. Subaru WRX STI S209 sedanı “Nürburqrinqin 24 saatı” yarışlarında çıxış edən yarış avtomobilindən ilham alınaraq hazırlanıb.
WRX STI S209 modelinin təkər izi 1,5 santimetr artırılmış, sedan dəlikli əyləc diskləri və altıporşenli əyləc mexanizmləri olan Brembo əyləc sisteminə sahib olub. Bu modifikasiya üçün xüsusi olaraq Dunlop SP Sport Maxx GT600A şinləri hazırlanıb. Şinlər qızılı rəngli 19-düymlük BBS disklərinə taxılıblar.
Avtomobilin asqısında rezin-metal saylent-bloklar metal şarnirlər ilə əvəz edilib. Subaru WRX STI S209 daha sərt yaylara, xüsusi olaraq bu model üçün tənzimlənmiş Bilstein amortizatorlarına və 20 millimetrlik arxa stabilizatorlara sahib olub. Sedanın kuzovunun sərtliyi ön asqının yuxarı dayaqlarını birləşdirən tirlər, həmçinin ön və arxa ramaltındakı əlavə gücləndiricilər sayəsində artırılıb.
Qanadlardakı əlavələr sayəsində kuzov 4,3 santimetr enli olub. Avtomobilin aerodinamikası onun altındakı lövhələr, ön bamperdəki kanardlar və karbondan hazırlanmış arxa antiqanadın hesabına yaxşılaşdırılıb. Sedanın damı da karbondan hazırlanıb ki, bu da, avtomobilin ağırlıq mərkəzini aşağı salmağa imkan verib.
WRX STI modelinin 2,5-litrlik “oppozit” mühərriki də təkmilləşdirilib. Mühərrik daha güclü trubinə, üfürmənin 1,1-dən 1,2 bara qədər artırılmış təzyiqinə, döymə porşen və gücləndirilmiş sürgü qollarına malik olub. Bundan başqa, giriş sistemi dəyişdirilmiş, interkulerin maye ilə soyudulması sistemi və daha məhsuldar yanacaq nasosu quraşdırılıb. Dəyişikliklər nəticəsində mühərriki hasilatı 346 at qüvvəsinə qədər artırılıb, fırlanma anı isə 10% yüksəldilibdir.
Güc aqreqatı yaxınlaşdırılmış ötürmə əmsalı olan altı pilləli qutu ilə tandemdə çalışır. Elektronika ilə idarələnən DCCD differensialının tənzimləmələri yenilənib. Avtomobilin salonunda Subaru emblemləri əvəzinə STI emblemləri və avtomobilin sıra nömrəsini bildirən lövhəcik quraşdırılıb. Salon tərtibatında zamşadan istifadə edilib. Məhdud seriyadan olan S209 modelindən 200 ədəd buraxılacaqdır. Avtomobillər parlaq mavi və ağ mirvari rənglərinə boyanacaqdırlar.
Subaru WRX STI S209 sedanı iki mərhələdə buraxılacaqdır. Yadzimidəki zavodun konveyerindən çıxan avtomobillər Kiryudakı müəsissəyə göndəriləcəkdirlər. Burada STI mexanikləri mühərrik və kuzovu təkmilləşdirəcəkdirlər. Subaru WRX STI S209 modeli xarici bazar üçün buraxılacaq ilk S-seriyasından olan avtomobildir.