Avtomobil istehsalçıları 5 ildən sonra avtomobilləri restaylinq edirlər ki, alıcılarda yeni maraq oyatsınlar. Hər bir modelin ortalama ömrü 8 ildir. Nə qədər uğurlu model olsa belə, onu yeniləmək lazımdır. Tarixdə uzun zaman konveyerdə qalan uğurlu avtomobillər də olub. Ən uğurlu və uzunömürlü Mercedes-Benz E-class W124-dür: 1984-cü ildə təqdim olunub və konveyerdə 11 il qalmağı bacarıb. O, tarixdə Daimler AG-nin ən uğurlu modeli sayılır.
Biz də sahəmizin ənənələrinə sadiq olaraq 5 ildən sonra saytımızı yenilədik. Avtomobil sanayəsindən fərqli olaraq vebsaytlar daha tez-tez yenilənməyi tələb edir.
Təzə nə var, nə yox?
- Artıq sayt bütün qurğularda, yəni smartfon, planşet, kompyuter, soyuducu, ağıllı saatlar və sairə qurğuların ekran ölçülərinə görə uyğunlaşa bilir. Hətta, kompyuterdə brauzerinizin ölçülərini dəyişərkən rahat oxumaq üçün uyğunlaşacaq.
- Yeni saytda #tag sisteminə keçdik. Onun vasitəsi ilə müxtəlif məzmun və markalara görə məqalələri bir araya toplamaq olur.
- Digər yenilik isə məqalələrin daxilində video reklamların yerləşdirilməsidir. Artıq gələn həftədən bu realdır.
- Yeni məqalələrimiz həm mətn, həm də video ilə təqdim olunur. Son testlərimiz məhz bu şəkildə olub. Artıq video çəkiliş daha peşəkarcasına və maraqlı olacaq.
- Lifestyle rubrikasında avtomobildən kənar məqalələrin sayını artıracağıq ki, hamı üçün maraqlı olsun.
Əlbəttə ki, burada da zarafatlarımdan qalmıram. Çox düşünmədən səhifələrdə “Bas Getsin” adlı düymə də yerləşdirdik ki, oxucular gülümsəsin. Əslində onun əsl mənası buna uyğundur, lakin xalq arasında popular ifadə olaraq hamımıza digər mənada tanışdır.
Yeniliklərdən digəri #BLOG rubrukasıdır. Burada baş redaktor Natiq Zərbəliyevin sevimli redaktor kolonkası olan #Epifaniya (dərin lirika ilə fərqlənən ədəbi minyatura), mənim isə #BOSSdan (Bostan sözü ilə həmahəng) tagı ilə səhifələrimiz oldu. Hər həftənin son günü mənim, hər həftənin bazar ertəsi isə Natiqin postlarını oxuya biləcəksiniz.
Loqomuz da jurnalımızın 17-illik tarixində dördüncü restaylinqə məruz qaldı. Daha öncə jurnalın çap variantı üçün yaradılmış logo, sayta uygun deyildi. Onu da dəyişdik. Yeni loqoda Avropadakı avtomobil dövlət nömrə nişanlarının şriftini seçdim, “O” hərfini isə təkər əyləc diskinin və supportunun üslublaşdırılmış forması oldu. Məlumdur ki, support bahalı idman avtomobillərində məhz qırmızı rəngə boyanır. Biz də özümüzü sürətli hesap edirik. Jurnalımızın yaradıldığı ilk gündən onun rəsmi rəngləri, sürətli idman avtomobillərinin simvolu sayılan qırmızı və gümüş rənglərdir.
Autograph - ölkəmizdə bu gün fəaliyyət göstərən yeganə profil avtomobil jurnalıdır.
Bunun da səbəbi 11 ildən sonra, 2013-cü ildə tam olaraq internetə miqrasiyası edilməsidir. Bizi ayaqda saxlayan həm avtomobillərə olan sevgimiz, həm də durmadan bu sahədə çalışma istəyidir.
Hələ çox idea, planlarımız var, yeniliklər olacaq. Gözünüz, qulaqınız, diqqətiniz bizdə olsun. Davamı gəlir…
Yeni website Decode webstudio tərəfindən hazırlanıb.