Shelby American firması, Ford şirkəti və Hertz kirayə kontoru ilə birlikdə Mustang modelinin GT-H indeksini almış xüsusi modifikasiyasını təqdim etmişdirlər. Tərəflər yeni modeli vaxtı ilə Hertz kontorunun Rent-a-Racer («yarış avtomobilini kirayə götür») proqramı əsasında kirayəyə verdiyi Shelby GT350H avtomobilinin 50 illik yubileyinə ithaf etmişdirlər. Orijinal Shelby GT350H avtomobili 1966-cı ildə 1001 ədəd nüsxə ilə istehsal edilmişdir. 2006-ci ildə isə bu avtomobilin Mustang modelinin beşinci nəslinin bazasında hazırlanmış ikinci təfsiri istehsal edilmişdir.
Yeni Shelby GT-H sələfləri kimi klassik «le-mansayağı» rəng çalarlarına malikdir. Avtomobilin kuzovu qara rəngə boyanmış və boyu uzunu qızılı zolaqla bəzədilmişdir. Xüsusi modifikasiya məhdud 140 ədədlik tirajla buraxılacaq və yalnız Amerika Birləşmiş Ştatlarının bir sıra hava limanlarında icarəyə veriləcəkdir. Avtomobil açıq satışda olmayacaqdır.
Shelby GT-H modeli 435 at qüvvəli beş litlik səkkizsilindirli mühərrik və altı pilləli avtomatik sürətlər qutusu ilə təchiz ediləcəkdir. Xüsusi «Mustang» Ford Performance tərəfindən hazırlanmış və xromla örtülmüş boruları olan idman xarakterli səsboğucu sistem, təkmilləşdirilmiş asqı və Michelin Pilot Sport şinləri geyindirilmiş 19-düymlük təkər diskləri ilə komplektləşdirilir. Bundan əlavə, GT-H karbondan hazırlanmış qabaq splitter və arxa spoyler, polikarbonatdan hazırlanmış kapot və başqa radiator barmaqlığı ilə təchiz edilir.
Shelby GT-H modelinin rəsmi təqdimat mərasimi bu günlərdə işinə başlayacaq Nyu-York avtosalonunda keçiriləcəkdir. Avtomobillərin kirayəsinə may ayının sonuncu bazar ertəsi qeyd edilən və müharibələrdə həlak olmuş amerikan əsgərlərinə həsr edilmiş «Xatirə günündə» başlanacaqdır.