Yolsuzluq avtomobilləri istehsalçısı olan Jeep şirkəti, Grand Cherokee modelinin ağır yolsuzluq üçün nəzərdə tutulmuş Trailhawk variantı ilə yanaşı, bu avtomobilin ən dəbdəbəli variantı olacaq Grand Cherokee Sammit modelini təqdim etməyə hazırlaşır. Hər iki modifikasiyanın rəsmi təqdimat mərasimi sabah işinə başlayacaq Nyu-York avtosalonunda keçiriləcəkdir. Jeep Grand Cherokee Sammit modeli adi avtomobillərdən dəyişdirilmiş radiator barmaqlığı, xrom əlavəli ön bamperi, işıq diodlarından hazırlanmış duman əleyhinə fənərləri və 20-düymlük təkər diskləri ilə seçiləcəkdir.
Bundan başqa, sükan çarxında, mərkəzi konsolda və ön paneldə taxtadan hazırlanmış işləmələr quraşdırılacaqdır. Əlavə olaraq, Grand Cherokee Summit modeli panoram tavanla və salonun LED işıqlandırması ilə təchiz ediləcəkdir.
Amerikan istehsalçı avtomobilin texniki xüsusiyyətlərini gizli saxlayır. Güman edilir ki, dəbdəbəli avtomobil 360 at qüvvəsi və 529 Nm fırlanma anı olan 5,7-litrlik Hemi V8 mühərriki ilə hərəkətə gələcəkdir. Bu güc aqreqatı səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışacaqdır. Avtomobilin dizel güc aqreqatı ilə də təklif ediləcəyi istisna edilmir.
Jeep şirkəti bu iki modeldən əlavə, Compass və Patriot modellərini əvəzləyəcək avtomobili də Nyu-York avtosalonunda təqdim etmək niyyətindədəir. Yeni modelin necə adlandırılacağı məlum deyildir. Hər halda Jeep şirkəti bu adlardan birini qoruyub-saxlayacaqdır.