Mercedes-Benz şirkəti C-Class Cabriolet modelinin AMG atelyesi tərəfindən hazırlanmış «bərkgedən» variantını bu gün işinə başlamiş Nyu-York avtomobil salonunda təqdim etmişdir. «Bərkgedən» kabriolet iki modifikasiyada - 476 at qüvvəli Mercedes-AMG C63 Coupe və 510 at qüvvəli Mercedes-AMG C63 S Cabriolet variantlarında təklif ediləcəkdir. Hər iki avtomobil Mercedes-AMG GT modelindən tanış olan 4,0-litrlik iki turboüfürməli V8 mühərriki ilə təchiz edilir. AMG GT modelinin mühərriki ilə sedanlarda quraşdırılmış güc aqreqatının fərqi, birincinin «quru» karterlə təchiz edilməsindədir.
Kabrioletin 476 at qüvvəli variantı 100 km/saat həddinə 4,2 saniyəyə sürətlənir. 510 qüvvəli avtomobilə bunun üçün 4,1 saniyə tələb olunur. Hər iki variantın maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır. AMG Driver’s Package paketini əldə etməklə maksimal sürətin həddini 280 km/saata çəkmək olar.
Mercedes-AMG C63 Cabriolet modelinin hər iki variantı doqquz pilləli avtomatic sürətlər qutusu ilə təchiz edilir. Bundan əlavə, Mercedes-AMG C63 Cabrio yüksək sürtünməli mexaniki, Mercedes-AMG C63 S Cabrio isə elektronika ilə idarə edilən diferensialla komplektləşdirilir.
Avtomobil həmçinin adaptiv amortizatorları olan asqı sistemi ilə təchiz edilir ki, bu asqı da AMG tərəfindən hazırlanmış C-Class sedan və universallarının asqısından fərqlənir.
«Bərkgedən» kabrioletlər adi avtomobillərdəki kimi qatlanan yumşaq dam ilə təchiz edilmişdir ki, bu damı da 50 km/saat həddinə kimi sürətlərdə açıb-bağlamaq mümkündür.
Avtomobilin baqaj bölümünün həcmi 335 litr (damın qatlanmış vəziyyəintdə 260 litr) təşkil edir.
Mercedes-AMG C63 Cabriolet modelinin təchizatına aktiv buraxılış sistemi, idarəetmə elektronikasının rejimlərinin dəyişməsi sistemi və mühərrikin dinamik dayaqları daxil edilmişdir.