Mercedes-Benz şirkəti GLC krossoverinin «qaynar» variantı olan Mercedes-AMG GLC 43 4Matic modelini rəsmi olaraq təqdim etmişdir. Bu model, alman istehsalçısının Affalterbax şəhərində yerləşən AMG bölməsi tərəfindən hazırlanmış ilk orta ölçülü krossoverdir. «Qaynar» krossover Mercedes-AMG C43, E43 və SLC 43 modellərindən tanış olan 3,0-litrlik iki turboüfürməli altı silindirli mühərriklə hərəkətə gəlir. Bu mühərrik 367 at qüvvəsi gücə və 520 Nm fırlanma anına malikdir. Xatırladaq ki, bir neçə gün bundan əvvəl təqdim edilmiş Mercedes-AMG E 43 modelində bu mühərrikin gücü 401 at qüvvəsi və 570 Nm fırlanma anı təşkil edir.
«Qaynar» Mercedes-AMG GLC 43 4Matic modelinin güc aqreqatı ötürmə müddəti qısaldılmış və idman rejimində ötürmə arası akselerasiya effektini təmin edən doqquz diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışır. Avtomobil yerindən 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir. Mercedes-AMG GLC 43 4Matic modelinin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.
Affalterbaxdan olan mütəxəssislər avtomobilin asqı sistemini ciddi şəkildə təkmilləşdirmişlər. Onlar adaptiv amortizatorların xüsusiyyətlərini yeniləmiş, əvvəlki dönmə dəstəklərini yenisi ilə əvəzləmiş və asqının elastikliyini dəyişmişdirlər.
Mercedes-AMG GLC 43 4Matic modelinin təchizatına fırlanma anını oxlar arasında arxa oxun xeyrinə 31:69 nisbətində bölən tam çəkiş sistemi, idarəetmə elektronikasının rejimlərini dəyişən AMG Dynamic Select sistemi, dəyişən müqavimətli sükan sistemi və 19 düymlük təkər diskləri daxil edilmişdir. Əlavə ödəniş etməklə 21 düymlük təkər diskləri də sifariş etmək mümkündür.
«Qaynar» krossoverin kütləvi nümayişi bu günlərdə işinə başlayacaq Nyu-York avtomobil sərgisində keçiriləcəkdir.