Chevrolet şirkəti, mart ayının sonlarında işinə başlayacaq Nyu-York avtomobil sərgisində Şimali Amerikada Sonic adı ilə satılan bizim bazarda isə Aveo kimi tanınan modelin yenilənmiş variantını təqdim edəcəkdir. Yenilənmiş Sonic modeli sonuncu Spark modelinin üslubunda dizayn edilmiş radiator barmaqlığı əldə etmişdir. Bundan əlavə, avtomobil LED gündüz işıqları olan yeni formalı ön və tərtibatı yenilənmiş arxa fənərlərlə təchiz edilmişdir. Yenilənmiş Chevrolet Sonic həmçinin yeni ön və arxa bamperlər, kapot və təkər diskləri də əldə etmişdir. Avtomobilin iç məkanının fotoşəkilləri dərc edilməsə də, istehsalçı Sonic modelinin salununda yenilənmiş ön panel və isidilmə funksiyası olan yeni formalı sükan çarxının olacağını bildirmişdir.
Əlavə olaraq, avtomobilin təchizatına Apple CarPlay və Android Auto interfeyslərini dəstəkləyən, yeddi düymlük sensorlu displeyi və Wi-Fi qoşulma nöqtəsi olan, həmçinin LTE şəbəkəsinə qoşulmaq imkanı yaradan yeni multimedia sistemi daxil edilmişdir.
Şimali Amerika bazarı üçün təklif edilən Chevrolet Sonic modelinin yenilənmiş variantı əvvəki kimi 1,8-litrlik atmosfer və 138 at qüvvəli 1,4-litrlik turbomühərriklə təchiz edilir. Transmissiyalar altı pilləli mexaniki və analoji diapazonu olan avtomatik sürətlər qutusundan ibarətdir.
Avtomobilin Şimali Amerikadakı satışları bu ilin payızında başlamalıdır. 14500 ABŞ dolları qiymətlə satılacaq Sonic modeli LS, LT və Premier təchizat çeşidləri ilə təklif ediləcəkdir. Bundan əlavə, avtomobili RS package dəsti ilə də ifariş etmək mümkün olacaqdır.