Bir müddət bundan öncə Niels van Roij Design fırması tərəfindən hazırlanmaqda olan Ferrari Daytona Shooting Brake Hommage layihəsi haqqında məlumat vermişdik. Layihənin əsas məqsədi, 1970-ci illərdə buraxılmış unikal modelin müasir təfsirini yaratmaqdır.
Bu dəfə dərc olunan eskizlərdə superkar ön, arxa və yandan təsvir olunur. Təsvirlərin rəsm olduğuna baxmayaraq, Niels van Roij Design tərəfindən hazırlanan unikal avtomobil barədə müəyyən təsəvvür yaratmağa imkan verir. Göründüyü kimi, Ferrari Daytona Shooting Brake Hommage modeli iti “buruna” malikdir. Üstəlik, kuzovun eni boyu uzanan sarı xətt ilə birləşdirilmiş eyni rəngli nazik ön fənərlər diqqəti çəkir. Ön tərəfdə yuvarlaq kənarları və xromla örtülmüş zolaqları olan radiator barmaqlığı quraşdırılıb. Kapotun mərkəzində alın şüşəsinə doğru genişlənən kiçik çıxıntı mövcuddur.
Yan tərəfdən baxdıqda uzadılmış damı görürük, içki şüşəsini xatırladaq qurşaq xətti isə retro üslubunu gücləndirməyə xidmət edir. Ön qanadların sonunda və arxa qanadların başlanğıcında havalandırma dəlikləri quraşdırılıb.
Arxa tərəfdən baxdıqda, şüşə damın metal zolaq ilə ikiyə bölündüyü görürük. Baqaj qapağının bütöv şüşədən ibarət olduğu və arxa işıq texnikasının bu şüşəyə inteqrasiya edildiyi maraqlı dizayn elementlərindəndir. Eskizlərdə bu inteqrasiya bir qədər yöndəmsiz görünsə də, reallıqda onun çox maraqlı detal olacağını söyləmək gərəkdir.
Orijinal olan Ferrari 365 GTB/4 Daytona Shooting Brake modeli 1970-ci illərin unikal əsarlərindən biri idi. Arxitektor Bob Gittlmanın sifarişi ilə inşa edilən şutinq breyk 1972-ci ilin Ferrari 365 GTB/4 Daytona modelinə əsaslanırdı. Arxa şüşə panellərin hər biri ayrıca açılırdı, mərkəzi dayaq isə ağacdan hazırlanmışdı.
Atelye tərəfindən dərc edilmiş hesabatdan göründüyü kimi, unikal superkarın ümumi istifadə yollarında görmək üçün, ən azı iki il gözləməli olacağıq.