Dünən Misanoda keçirilən ikinci yarışın qalibi Niko Müller olub. Bu qələbə Müllerin DTM çempionatındakı ikinci qələbəsidir.
Müllerin qələbə çalmasının əsası elə startda qoyulub – qırmızı işıqların sönməsində sonra ləng tərpənən Rene Rast liderliyi əldən verərək dördüncülüyə qədər geriləyib. Robin Frayns isə uğurlu start alaraq liderliyi ələ keçirib. Lakin, Reninin sərgüzəştləri bununla birməyib – o mövqeyini qorumaq üçün Marko Vittmann (BMW) və digər Audi pilotu Conatan Aberdinlə mübarizə aparmaq məcburiyyətində qalıb. Aberdinin Rastı sıxışdırması sonuncunun Vittmanı trekdən vurub çıxarması ilə nəticələnib.
Lakin, bu toqquşmadan zərər görən təkcə Marko olmayıb. Bir müddət sonra liderliyini qaytaran Rene Rast təkərin deşilməsi ilə üzləşib və məcburi pit-stopa planlaşdırıldığından tez yollanmalı olub. Belə vəziyyət Niko Müllerin işinə yarayıb. Niko liderlik edən Fraynsı keçərək birinciliyə yüksəlib. Frayns isə Dyüvalın hücumlarından müdafiə olunmalı idi. İki Audi pilotunun mübarizəsi toqquşma ilə nəticələnib – Niko altıncılığa, Dyüval isə pitdən keçmə cəzası alaraq gerilərə düşüb.
Rəqibləri ilə arasında kifayət qədər ara məsafəsi yaradan Müller rahatlıqla finiş xəttini birinci keçib. Onun arxasınca yarışı ikinci olaraq BMW komandasının avstriyalı pilotu Filipp Enq bitirib. Avstriyalı ikinci yer uğrunda Rene Rast ilə uzun müddət mübarizə apararaq Audi komandasına dubl etməsinə imkan verməyib. Enqə keçilən Rene Rast bir müddət rəqibini təqib etsə də, yarışın sonlarına yaxın yavaşlamaq məcburiyyətində qalıb.
Beləliklə, Mizanodakı mərhələdən sonra 93 xal toplamış Rene Rast pilotlar birinciliyinə liderlik edir. Onu 83 xalla Filipp Enq və 73 xalla Niko Müller təqib edirlər. Komandalar çempionatına 128 xalla Audi Sport Team Rosberq liderlik edir. 121 xal toplamış Audi Sport Team Abt Sportsline ikinci, 108 xal toplamış BMW Team RMG isə üçüncü yerdə qərarlaşıblar. Markalar çempionatında Audi 340 xalla liderdir. BMW 263 xalla ikincidir. Aston Martin isə cəmi 15 xal toplaya bilib.