Beynəlxalq avtoidman federasiyasının (FİA) Vyanada təşkil etdiyi mükafatların təqdim edilməsi mərasimindən öncə keçirilmiş mətbuat konfransında bu il çempionluq titulunu qazanmış Niko Rosberq Formula 1 çempionatındakı karyerasına son verdiyini açıqlamışdır. Rosberq, dünya çempionu olduqdan sonra o bir daha «belə qurbanlar verməyə» hazır olmadığını bildirmişdir.

«Mən fürsətdən istifadə edib bəyanat vermək istərdim. Mən burada və indi Formula 1 çempionatındakı karyeramı bitirdiyimi elan etmək istəyirəm. Bunu izah etmək çətindir, mənim altı yaşım olan zaman avtomobil idmanı ilə məşğul olmağa başladım və mənim ancaq bir arzum vardı - dünya çempionu olmaq. Artıq mən arzuma çatmışam. İyirmi beş il ərzində mən bu arzuya çatmaq üçün səy göstərmişəm. Bu il ətrafımın, mənim azarkeşlərimin,komandamın, ailəmin və dostlarımız köməyi ilə arzuma çatdım. Bu heyrətamiz və yaddan çıxmayacaq bir təcrübə idi.  Eyni zamanda bu çox çətin idi, çünki əvvəlki iki il mən Lyuisə uduzmuşdum və mənə bu anları yaşamaq çox ağrılı idi. Lakin, onlar mənim istəklərimi daha da artırdı və məndə öz arzuma çatacağıma inam yarandı». Beləliklə, alman pilot karyerasının ən yüksək nöqtəsində Formula 1 çempionatını tərk etmiş oldu. Mercedes komandasının rəhbərliyi Rosberqin qərarına hörmətlə yanaşdığını və bu qərarın onun güclü xarakterə malik olduğundan xəbər verdiyini bildirmişdir. Hələlik komanda Rosberqi kiminlə əvəzləyəcəyi barədə açıqlama verməmişdir. Böyük ehtimalla Rosberqi həmyerlisi olan DTM çempionu və Manor komandasının pilotu Paskal Verlyayn əvəzləyəcəkdir.