Nio markası özünün ikinci modelini təqdim edib. Nio ES6 krossoveri ES8 modelindən fərqli olaraq daha yığcam ölçülərə malikdir. İki krossover ciddi şəkildə unifikasiya edilibdir: hər iki avtomobil eyni platformada inşa edilibdir. Bu platforma ön ikiqollu və arxa çoxqollu asqınınŞ həmçinin salon döşəməsinin altında yerləşdirilən batareyanın mövcudluğunu nəzərdə tutur. Bundan başqa, opsionaı pnevmatik asqını da sifariş etmək olar.
Nio ES8 2900 millimetrlik təkər bazasına, 4850 millimetrlik uzunluğa, 1965 millimetrlik enə və 1734 millimetrlik hündürlüyə malikdir. Krossover böyük Nio ES8 modelindən 172 millimetr qısadır. Avtomobilin təkər bazası da 110 millimetr qısaldılıbdır. Nio ES6 modelinin kuzovu da alüminiumdan hazırlanmış və ES8 ilə eyni aerodinamik müqavimət əmsalına sahibdir – 0,29.
Qeyd etmək lazımdır ki, avtomobillərin nəinki eksteryer dizaynı, hətta salonu da bənzərdir. ES6 virtual cihazlar, mediasistemin şaquli displeyi və ön paneldə “oturan” NOMI pokemonu ilə təchiz edilir. NOMI səs komandalarını tanıyır və sərnişinləri yol boyu əyləndirmək üçün süni intellektə malikdir. İki avtomobilin salonundakı fərq sükan çarxının formasından ibarətdir: ES8 ikimilli sükan çarxı, ES6 isə üçmilli variant ilə təchiz edilir. Bundan başqa, ES6 krossoverində üçüncü cərgə nəzərdə tutulmayıb.
Nio ES6 modelinin baza variantı hər birinin gücü 218 at qüvvəsi olan iki elektromotorla təchiz edilir. 436 at qüvvəli krossover 100 km/saat həddinə 5,6 saniyəyə sürətlənir. Performance variantında arxa oxda quraşdırılan mühərrik 326 at qüvvəsi hasil edir ki, bu da ümumilikdə 544 at qüvvəsi deməkdir. ES6 Performance 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir.
Yığcam krossover standart olaraq 70 kVt-saatlıq batareya ilə təklif edilir. Lakin, 84 kVt-saatlıq batareyanı da sifariş etmək olar. Birinci halda NEDC dövrünə əsasən krossover 410-430, ikinci halda isə 480-510 kilometr qət edir.
Çində krossover 52-65 min dollar arasında qiymətlə satılacaqdır. Batareyanı kirayə götürməklə avtomobilin qiymətini 14,5 min dollar azaltmaq mümkündür. Batareyanın kirayəsi ayda 240 dollardır. Yeni elektrokrossoverin satışlarına gələn ilin iyununda başlanacaqdır.