Universal ET5 sedanının şassisinə əsaslanır və 490 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən ikimühərrikli elektrik güc qurğusu ilə təchiz edilir. Yenilik üçün panoram dam, doqquz hərəkət rejimi, həmçinin 33 sensorlu Nio Autonomous Driving avtopilotu və dörd Nvidia Drive Orin çipinə əsaslanan hesablama platforması bəyan edilib. Nio ET5 Touring Çin və Avropada satılacaqdır. Universalın Çindəki satış qiyməti 298 min yuandan başlayır.
Nio ET5 Touring universalı Avropa bazarı nəzərə alınmaqla yaradılıb. Onun hələ ki, birbaşa rəqibləri yoxdur, lakin dolayısı rəqibləri kifayət qədər çoxdur. Onların fonunda Çin universalı həqiqətən də maraqlı görünür, baxmayaraq ki, əslində bu, fərqli bir qablaşdırmaya malik olan ET5 sedanıdır.
ET5 Touring modelinin kuzovu alüminium və yüksək möhkəmli poladın qarışığından ibarətdir. Çəkini azaltmaq üçün arxa alt çərçivənin içi boşdur, kandarlar isə profillərdən yığılır. Elan edilmiş burulma sərtliyi 32.000 Nm/dərəcədir. Bu, məsələn, restaylinqən əvvəlki BMW X3 (G01) modeli ilə eynidir, lakin adi ET5 sedanında olduğundan azdır.
Ön asmada köndələn qollar, arxada isə beşqollu variant tətbiq edilib. Hər iki oxda hidravlik qaytarıcılar var. ET5 Touring modelinin ikimühərrikli güc qurğusu 490 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir ki, bu da sıfırdan 100 km/saata düz dörd saniyəyə sürətlənməyə imkan verir.
100 km/saatdan əyləc məsafəsi 33,9 metrdir, bunun üçün sürtünmə materialı müxtəlif liflərdən və keramikadan ibarət olan dörd porşenli alüminium supportlara və Hella firmasının NAO seriyasından olan asbestsiz orqanic qəliblərə təşəkkür etmək gərəkdir.
Universalın axıntılı silueti 0,25 aerodinamik müqavimət əmsalı təmin edir. Çəkinin 50:50 nisbətində paylanması və aşağı ağırlıq mərkəzi idarəetməyə müsbət təsir göstərir. Doqquz hərəkət rejimi var: standart Eco, Comfort, Sport, Sport + və Custom ilə yanaşı, Snow, Sand, Wet və Trailer rejimləri də daxildir. ET5 Touring yeddi təhlükəsizlik yastığı, o cümlədən sürücü və sərnişin arasında mərkəzi hava yastığı ilə təchiz edilir. Təchizata dəyişən şəffaflığı və 1,35 kvadrat metr sahəsi olan panoram dam, eləcə də Nio Autonomous Driving avtopilotu daxildir.
Sistemin sensor dəsti Nio Aquila adlanır. Buraya lidar (diapazonu - 500 metr), yeddi 8 meqapiksellik kamera (avtomobilləri - 687 metrə, piyadaları isə 283 metrə qədər məsafədə görür), dörd işığa həssas üç meqapiksellik kamera, sürücünün vəziyyətini izləmək üçün kamera, beş millimetr dalğalı radarlar, 12 ultrasəs sensoru, GNSS, inersial ölçmələr bloku və V2X rabitə protokolu dəstəyi daxildir. Məlumatların emalı, ümumi məhsuldarlığı 1016 TOPS olan dörd Nvidia Drive Orin çipi ilə təchiz olunmuş Adam kompüterinə həvalə edilib.
5G rabitəsi, Bluetooth 5.2, Wi-Fi 6, UWB, NFC, Dolby Atmos həcmli səs sistemi və Dirac Pro peşəkar audio kodeki üçün dəstək bəyan edilib. Bundan əlavə, ET5 Touring modelinin əyləncə konsolu, tamaşaçıdan altı metr aralıda 201 düymlük virtual ekran yaradan AR/VR eynəkləri ilə də işləyir.
Universalın arxa oturacaqları 40:20:40 nisbətində qatlanır. Baqajın maksimal həcmi 1300 litrdir və əlavə olaraq, döşəmənin altında 42 litrlik bölmə də var.
Çində ET5 Touring on kuzov rəngi və interyerin altı tərtibat variantı ilə təklif ediləcək. 75 kilovat-saatlıq batareyası olan elektromobili 298 min yuana (70,7 min manat), 100 kilovat-saatlıq (cell-to-pack texnologiyası ilə) batareya ilə isə 356 min yuana (85,5 min manat) qiymətləndirilib. BaaS (Batteryas a Service) xidmətindən istifadə etdikdə, qiymət 228 min yuana (54,1 min manata) düşəcək, lakin batareya üçün aylıq ödəniş 980 (230 manat) və ya 1680 yuan (400 manat) olacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.