Nissan şirkəti ABŞ bazarı üçün nəzərdə tutulmuş iki yeni modeli təqdim edib: yenilənmiş Armada ofrouderi və Kicks büdcə krossoveri. Kicks modelində baş vermiş dəyişikliklər qlobal versiya ilə eynidir. Üstəlik, krossover yeni avadanlıqları əldə edib.
Yenilənmiş krossover daha aqressiv dizayna malik olub: arxa bamper yenisi ilə əvəz olunub, arxa işıqları isə artıq baqaj qapısı boyunca uzanan zolaqla birləşdiriliblər. Radiator barmaqlığı daha böyük olub, ön bamperdə isə iri yan hava girişləri peyda olub. Modelin rəng palitrasına üç yeni çalar əlavə edilib: mavi Electric Blue Metallic, qırmızı Scarrlet Ember Tintcoat və boz Boulder Grey Pearl. Bu rənglərin hər birini qara damla sifariş etmək olar.
İnteryerdə də kifayət qədər dəyişiklik var: salonda daha rahat oturacaqlar, Android Auto və Apple CarPlay tətbiqlərini dəstəkləyən təkmilləşdirilmiş multimedia sistemi (standart olaraq yeddi düymlük ekranla, səkkiz düymlük ekran isə opsiyadır), USB-C konnektoru quraşdırılıb. Ön oturacaqların arasındakı dirsəkaltılar və mərkəzi konsol da yenilənmədən nəsiblərini alıblar.
ABŞ-da Nissan Kicks modeli, variator və ön ötürmə ilə birlikdə çalışan 163 at qüvvəsi və 154 Nm fırlanma anı hasil edən 1.6-litrlik benzin mühərriki ilə təklif ediləcəkdir. Bu arada, digər bazarlarda, Kicks modeli e-Power hibrid güc aqreqatı ilə də təklif edilir. Güc qurğusunun tərkibinə ön təkərləri hərəkətə gətirən elektrik mühərrriki və batareyanı doldurmağa məsul olan 1,2-litrlik üçsilindrli benzin mühərriki daxildir.
Amerika bazarı üçün nəzərdə tutulmuş Nissan Kicks modelinin istehsalı Meksikadakı zavodda həyata keçirilir. Yenilənmiş krossoverin 2021-ci ilin fevralında yerli dilerlərə çatdırılması gözlənilir. Yenilənmədən öncəki versiya 19.070 dollardan başlayan qiymətlər ilə satılır.