Nissan Altima sedanının cari nəsli dörd il bundan əvvəl Amerikada debüt edib. Bu gün isə, yapon sedanının plan üzrə yenilənmiş versiyası təqdim olunub. Bu yenilənmənin əsas vəzifəsi sedana idman ruhu bəxş etməkdir.

Nəticədə, 4,9 metrlik Altima daha aqressiv görünüşə sahib olub. Sedan fərqli radiator barmaqlığını və yeni bamperi alıb, LED fənərlər isə, artıq standartdırlar. Ən maraqlısı odur ki, mühəndislər yalnız fənərlərin içalatını dəyişiblər - onların gövdələri əvvəlki kimi qalıblar.

Eksteryerdəki digər dəyişiklikləri arasında yeni dizaynlı təkər diskləri və kuzovun genişləndirilmiş rəng palitrası var. Hələlik rəsmi şəkillərdə yalnız idman asqısı, 19-düymlük təkər diskləri, qara dekoru və baqajın qapağında spoyleri (modernləşdirmədən sonra daha böyük olub) olan Altima SR versiyası nümayiş etdirilib.

Salondakı başlıca yenilik 12,3-düymlük ekranı, təkmilləşdirilmiş qrafikası və simsiz Apple CarPlay interfeysi (Android Auto naqil vasitəsilə qoşulur) olan media sistemidir. Ancaq belə sistem yalnız bahalı versiyaların imtiyazıdır.

Sadə versiyalarda isə, əvvəlki səkkiz düymlük ekran quraşdırılır, yeddi düymlük baza ekranından imtina edilib. Eyni zamanda, cihazlar panelinin qrafikasına və xırda interyer dekoruna yenidən baxılıb.

Artıq bazada Safety Shield 360 elektron köməkçilərinin genişləndirilmiş dəsti mövcuddur - bu siyahıda avtomatik əyləcləmə sistemi (o cümlədən geriyə hərəkət zamanı), yol nişanlarının tanınması və kor nöqtələrə nəzarət sistemləri, habelə dairəvi görüntü kameraları da var.

Əlavə ödəniş qarşılığında ProPilot adaptiv kruiz-kontrolunu sifariş etmək olar. Ancaq naməlum səbəblərdən bu sistemi ikinci nəslə qədər təkmilləşdirməyiblər.

Texniki cəhətdən dəyişiklik yoxdur. ABŞ-da Nissan Altima modelinin ön ötürməli versiyaları 191 at qüvvəli, tam ötürməli versiyaları isə 185 at qüvvəsi hasil edən 2,5-litrlik atmosfer mühərriki ilə təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nissan Alima SR sedanı üçün dəyişən sıxılma nisbəti olan 251 at qüvvəli 2.0 VC-Turbo turbomühərriki nəzərdə tutulub. Lakin belə versiyalar yalnız ön ötürmə ilə təklif edilirlər. Hər iki mühərrik variatorla tandemdə çalışır.

Amerikada yenilənmiş Nissan Altima sedanları payızda satışa çıxarılacaqlar. Hazırda yenilənmədən öncəki avtomobillərin ABŞ-dakı satış qiymətləri 24 900 dollardan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.