Bu gün gözlənildiyi kimi, Niisan şirkəti yeni Ariya elektrik krossoverini təqdim edib. Yeni krossover Nissan Leaf elektrik hetçbekinin uğurunu daha perspektvli seqmentdə - krossoverlər seqmentində davam etdirəcəkdir: 10 ilə yaxın müddətdə dünyada 500 minə yaxın Leaf modeli satılıb. Üç il əvvəl göstərilən Nissan IMx konsept avtomobili əvvəlcə Nissan Ariya adlanan istehsalöncəsi prototipə çevrildi, indi isə, kütləvi istehsal üçün tam hazırdır.
Şirkətin baş dizayneri Alfonso Albaysanın rəhbərlik etdiyi dizaynerlər komandası yeni üslubu Timeless Japanese Futurism (“Zamana tabe olmayan yapon futurizmi”) adlandırır. Radiator barmaqlığının əvəzinə, elektrokarın hərəkətə hazır olduğunda işıqlanan bağlı panel yerləşir.
Bütün işıq texnikası işıqdiodlarından hazırlanıb, təkər disklərinin diametri 19 və ya 20 düymdür. Bundan başqa, Ariya yenilənmiş Nissan loqotipini alan ilk model olub: ümumi ideya eyni qalsa da, emblemin qrafikası dəyişib. Sonradan yeni emblem bütün modellərdə tətbiq ediləcəkdir.
Kupeşəkilli siluet vizual olaraq Ariya modelinin yığcam ölçülərə malik olduğunu göstərsə də, elektrokrossoverin 4595 millimetrlik uzunluğu və 1850 millimetrlik eni, cari Nissan X-Trail krossoveri ilə müqayisə edilə bilər. Ariya modelinin təkər bazası baxımından X-Trail modelini nəzərə çarpacaq dərəcədə üstələyir: 2706 millimetrə qarşı 2775 millimetr. Eyni zamanda, Ariya bir qədər alçaqdır - 1660 millimetr.
Nissan Ariya, geniş çeşiddə elektrokarlar üçün nəzərdə tutulmuş, Renault-Nissan-Mitsubishi alyansının yeni platformasında inşa edilən ilk modeldir. Əsas yenilik - arxa müstəqil asqı və arxa oxda yerləşdirilmiş elektrik mühərrikidir.
Bütün komponentlər və qurğular optimallaşdırılmışdır: kapotun altında yalnız kondisioner sistemi və idarəetmə elektronikası yerləşir ki, bu da, ön sərnişinlərin ayaqları zonasındakı məkanı artırmağa imkan verib. Yeni güc qurğusu sayəsində salonun döşəməsi rəvan olub.
Tərtibatçılar elektrokarın salonunu launc-zona ilə müqayisə edirlər, lakin salon daha çox yüksək texnologiyalı bir oazisə bənzəyir. Ön paneldəki iki 12,3-düymlük ekran, rəng proyeksiya displeyi və “Hey Nissan!” komandası ilə aktivləşən səslə idarəetmə sistemi ilə indi heç kimi əəccübləndirmək olmaz.
Ancaq, ön panelin üzlənməsinin altında gizlənmiş klimat-kontrol sisteminin sensorlu nəzarət paneli qeyri-adi görünür. Elektrokar “söndürüldükdə” panel görünmür, avtomobil işə salındıqda, düymələr peyda olur və “kliklərə” titrəyiş ilə cavab verirlər. Media sistemi də “hava üzərindən” yenilənmə funksiyasına malikdir.
Ön oturacaqların arasındakı iri dirsəkaltı tam tənzimlənir və onun üzərində transmissiyanın joystiki vardır. Onun daxilində isə laptop üçün qatlanan masa gizlədilib. Təkmühərrikli ön ötürməli variantın baqaj bölümünün həcmi 468 litr, ikimühərrikli tamötürməli modifikasiyada isə 415 litrdir.
Alıcılar beş modifikasiyadan birini seçə bilərlər. Nissan Ariya modelinin baza variantı 63 kilovat-saatlıq dartma batareyasına malikdir. Müqayisə üçün, Leaf modelinin batareyasının maksimal tutumu 62 kilovat-saatdır. Belə krossoverin elektrik mühərriki 218 at qüvvəsi və 300 Nm fırlanma anına malikdir.
Bir pillə yuxarıda 87 kilovat-saatlıq batareyası, 242 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən mühərriki olan ön ötürməli versiya durur. Bu, ən uzun mənzilə malik olan Ariya modelidir: onun yürüş ehtiyatı 500 kilometr (WLTP) təşkil edir.
Ancaq, eyni zamanda, bu ən yavaş modifikasiyadır, çünki 100 km/saata sürətlənməyə 7,6 saniyə sərf edir. Təkmühərrikli versiyaların maksimal sürəti 160 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.
Tamötürməli modifikasiya mürəkkəb e-4orce indeksinə malikdir. 63 kilovat-saatlıq akkumulyatoru olan krossover, ümumi hasilatı 279 at qüvvəsinə və 560 Nm fırlanma anına malik olan mühərriklərlə təchiz edilmişdir. Belə modifikasiya ən kiçik yürüş məsafəsinə malikdir - 340 kilometr.
87 kilovat-saatlıq batareyası olan versiya 306 at qüvvəsinə və 600 Nm fırlanma anına malikdir. Model çeşidinin zirvəsində eyni batareyaya və 394 at qüvvəsi və 600 Nm fırlanma anına malik olan Nissan Ariya Performance modeli durur. Belə bir krossover 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənir. Bütün tamötürməli modifikasiyaların maksimal sürəti eynidır - 200 km/saat.
Nissan Ariya üç hərəkət rejiminə (standart, idman və qənaətcil) malikdir, tamötürməli versiyaların hərəkət rejimlərinə isə, dördüncüsü - qış rejimi əlavə edilib. Bundan başqa, “bir pedal” rejimi də var: hərəkət sürəti yalnız akseleratorun basılması dərəcəsindən asılıdır, pedal sərbəst buraxıldıqda isə, elektronika əyləc pedalına toxunmadan avtomobilin rəvan şəkildə yavaşlamasına imkan verir.
Nissan Ariya 1,5 ton ağırlığında treyleri yedəyə ala bilər. Standart cərəyan yükləmə cihazı 7.4 kilovatlıqdır, böyük tutumlu batareyaya sahib olan versiyalar üçün, üç fazalı şəbəkəyə qoşulmağa imkan verən 22 kilovat gücündə cihaz nəzərdə tutulmuşdur. Əlavə olaraq, Nissan Ariya 130 kilovatlıq yükləmə terminallarına qoşula bilər.
Nəhayət, Nissan Ariya firma ProPilot 2.0 sisteminin ən son iterasiyasına sahib olub. Bu, bir zolaq daxilində avtomobil idarə etməyə kömək edən kvazi avtopilotdur. Elektronika naviqasiya sisteminə qoşulmuşdur və sürücünün əllərini sükandan çəkməsinə imkan versə də, onun diqqətinin daima yolda olmasına nəzarət edir.
Nissan Ariya krossoverlərinin Yaponiya və Avropadakı satışları bu ilin sonuna qədər başlanmalıdır. Modelin qiymətləri hələlik açıqlanmayıb. Sonradan elektrik krossoveri dünyanın digər bölgələrində təklif ediləcəkdir.
Nissan şirkəti üçün yeni Ariya modeli çox vacibdir, çünki onun sayəsində şirkət 2023-cü maliyyə ilinin sonuna qədər hər il bir milyon elektrik avtomobillərinin satışına nail olmaq niyyətindədir. Bu milyona e-Power seriyasından olan hibridlər də daxildir.