Nissan şirkəti 15 iyul tarixində təqdim ediləcək yeni Ariya elektrik krossoverinin debütünə hazırlaşmağa davam edir. Bu dəfə yapon markası elektrokar barədə təfərrüatların açıqlandığı videoçarxı dərc edib. Çarxda elektrokarın dizaynının bəzi detalları nümayiş etdirilir.
Yeni videoda elektrik krossoveri vaxtaşırı olaraq kadrda görünür. Seriya modelinin, şirkətin keçən il nümayiş etdirdiyi Nissan Ariya konsept avtomobilini praktiki olaraq təkrarladığını görmək olar. Elektromobil eyni nazik formalı ön fənərlərə və kuzovun arxa hissəsi boyunca uzanan və LED fənərləri birləşdirən “lenti” əldə edib.
Elektrokarın arxa hissəsindəki işıq zolağının altında böyük hərflərlə yazılmış “Nissan” sözü yerləşir. Seriya krossoverinin salonu nümayiş etdirilmir. Əgər yapon markasının mühəndisləri konseptin daxili tərtibatını seriya modelində təkrarlamağa qərar verərlərsə, Nissan Ariya ön panelin əsas hissəsini iki iri displeyin tutduğu minimalizm üslubunda interyerə sahib olacaqdır.
Nissan Ariya modeli ümumi gücü 200 at qüvvəsi təşkil edən iki elektrik mühərriki ilə təchiz ediləcəkdir. Bundan əlavə, elektromobil sürətlənməni və əyləclənməni sərbəst şəkildə həyata keçirəcək və sürücüyə müvəqqəti olaraq əllərini sükandan çəkməyə imkanı verəcək avtopilot sisteminə sahib olacaqdır.
Nissan Ariya qlobal modelə çevriləcək və Tesla Model Y krossoveri ilə rəqabət aparacaqdır. İlkin olaraq, elektrokar Yaponiya bazarında təklif ediləcəkdir. Sonradan, Nissan Ariya modeli Çin, Avropa və ABŞ-da debüt edəcəkdir.