Nissan şirkəti keçən ilin iyul ayında təqdim olunan Ariya elektrik krossoveri üçün sifariş qəbul etməyə başladığını bildirib. Hələlik, yeni elektrokross yalnız markanın vətənində, həm bir, həm də iki mühərrikli güc qurğusu ilə təchiz edilən məhdud saylı Limited Edition versiyasında təklif edilir. Belə Nissan Ariya modelinin qiyməti 6.600.000 - 7.900.200 yen (101.810 – 121.870 manat) arasındadır.
Müqayisə üçün, Yaponiyada Mazda MX-30 elektrik krossoveri üçün 4.510.000 yen (69,575 manat) tələb edirlər. Ariya krossoverinin birbaşa rəqibi olan Tesla Model Y modelinin Long Range versiyasını almaq üçün isə, təxminən 5.400.000 yen (83.300 manat) ödəmək gərəkdir. Bir müddət sonra isə Nissan yeni krossoverin daha sərfəli versiyalarını satışaa çıxaracaqdır.
Yaponiyadan sonra Nissan Ariya modelinin satılacağı əsas bazarlar ABŞ, Avropa və Çin olacaqdır.