Nissan şirkəti yaxın 18 ay ərzində Avropa bazarında təklif etdiyi krossoverlər xəttini yeniləyəcəkdir. 2020-ci ilin ortasında yapon istehsalçısı X-Trail və Qashqai modellərinin növbəti nəsillərini təqdim edəcəkdir. Eyni zamanda, 2021-ci ildə bu ikiliyə yeni elektrik krossoveri də qoşulacaqdır. Bu yolla Nissan şirkəti satışların düşməsinin qarşısını almaq istəyir. Qeyd etmək gərəkdir ki, Nissan şirkətinin Avropadakı satışları cari ilin 10 ayı ərizndə 24% azalaraq 334.505 ədəd olub.
Yeni nəsil Nissan Juke modelinin buraxılmasından sonra, Nissan şirkəti Avropada satılan krossoverləri də yeniləmək qərarına gəlib. Automotive News Europe nəşrinin bildirdiyinə görə, altı aydan sonra satışa Nissan X-Trail modelinin növbəti nəsli çıxacaqdır. 2020-ci ilin sentyabrında ona yeni Nissan Qashqai krossoveri qoşulacaqdır. Yapon markasının bestselleri sayılan krossover dizel mühərrikindən məhrum olsa da, iki hibrid versiyada təklif ediləcəkdir.
Bunlardan biri Yaponiyada populyar olan e-Power qurğusu ilə təchiz edilmiş modifikasiya, digəri isə məişət şəbəkəsinə qoşulan hibrid olacaqdır. Sonuncu modifikasiyanın güc aqreqatı Mitsubishi Outlander PHEV krossoverinin hibrid aqreqatına bənzər olacaqdır. Bu aqreqat Nissan X-Trail modelinin mühərrik çeşidinə də daxil ediləcəkdir.
Elektrik krossoveri isə, bu ilin oktyabr ayında Tokyo avtosalonunda nümayiş etdirilmiş Ariya konseptinin seriya variantı olacaqdır. Nissan Ariya Avropada 2020-ci ilin sonu və ya 2021-ci ilin əvvəlində satılmağa başlayacaqdır. Krossover Reanult şirkətinin platformasında inşa ediləcək və premium seqmentə daxil olacaqdır. Elektrik krossoverinin 50-70 min avro arasında qiymətlə satılacağı ehtimal edilir.