Nissan şirkəti IMx konseptual elektrik krossoverinin seriya istehsalına başlamaq qərarını qəbul edib. Yapon markasının avropa dizayn-studiyasının rəhbəri Mamoru Aokinin sözlərinə görə, yeni krossover elektrokarları kütləvi məhsula çevirəcək “sıçrayış modeli” olacaqdır. Nissan IMx konseptual krossoveri keçən il Tokyo avtosalonunda nümayiş etdirilib.
Konsept Nissan şirkətinin elektrokarlar üçün hazırladığı xüsusi platformada inşa edilib. Konsept ümumi gücü 435 at qüvvəsi, fırlanma anı isə 700 Nm olan dörd elektromotorla hərəkətə gəlir. İki elektromotor ön oxu, digər ikisi isə arxa oxu hərəkətə gətirir: müvafiq olaraq avtomobil tam çəkişlidir. Konsept ProPILOT avtonom idarəetmə sistemi ilə təchiz edilib. Avtopilot aktiv edildikdə sükan çarxı ön paneldə gizlənir, oturacaqlar isə, sürücü və sərnişinlərə daha geniş məkanı təmin etmək üçün arxaya çəkilirlər.
Nissan IMx sərbəst şəkildə elektrik şəbəkəsinə qoşulur və avtomobildən istifadə edilmədikdə isə, enerjinin qalıqlarını şəbəkəyə geri qaytarır.
Avtombilin sahibi bu enerjidən mənzildəki elektrik cihazlarının işlədilməsi üçün istifadə edə bilər.
Elektrik krossoverinin salonunda orqanik işıqdiodlarından hazırlanmış panoram cihazlar paneli quraşdırılıb ki, buraya da yan kameralardan alınan görüntülər ötürülür. Avtomobilin elektronikasını əl jestləri və baxışla idarə etmək də mümkündür. Konseptual krossoverin oturacaqlarının karkası 3D printerində çap edilmiş, yastıqları isə silikonun əsasında yaradılan materialdan hazırlanmışdır.
Konseptin seriya variantının 2020-ci ildə işıq üzü görəcəyi bildirilib.