Nissan şirkəti Pathfinder modeli üçün yeni inkişaf strategiyasını hazırlayıb. Nissan nəsil dəyişdirmək əvəzinə iki müxtəlif Pathfinder modelini təklif edəcək - adi krossover və eyni adlı yeni çərçivəli ofrouder. Bu barədə “Automotive News” nəşri məlumat yayıb.

Belə Pathfinder təkcə daşıyıcı çərçivəyə deyil, həm də unikal dizayna malik olacaq. Çərçivəli ofrouderin brutal və aqressiv görünüşü onu eyni adlı krossoverdən fərqləndirəcək. "Mülki" versiya rahatlıq və ailəli alıcılara ünvanlanmış olsa da, çərçivəli Pathfinder ofroud həvəskarları və macəra axtaranlar üçün nəzərdə tutulub. İlkin məlumatlara görə, yeni model həm benzin mühərriki, həm də hibrid versiyada mövcud olacaq.

Nəşrin məlumatına görə, çərçivəli Pathfinder modelinin 2029-cu ilin ortalarında satışa çıxarılması planlaşdırılır. Mövcud krossoverin növbəti yenilənməsinin də təxminən eyni vaxtda aparılması planlaşdırılır. Şirkət hələlik hər iki modelin eyni ad altında nə qədər müddətə satılacağına qərar verməyib. Son qərar tələbata əsaslanaraq daha sonra veriləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.