Renault-Nissan-Mitsubishi alyansının yeni strateji fəaliyyət planına uyğun olaraq, Nissan şirkəti iri miqyaslı yenidənqurmaya başlayıb. Yenilənmə davamlı inkişafı təmin edəcək və maliyyə sabitliyinə nail olmağa yardım edəcəkdir. Qəbul edilmiş dörd illik plan biznesin genişmiqyaslı optimallaşdırılmasını, xərclərin azaldılmasını və model xəttinin ixtisara salınmasını nəzərdə tutur.
Nissan üçün əsas satış bazarları Şimali Amerika, Çin və Yaponiya olacaqdır. Burada, şirkət Renault-Nissan-Mitsubishi alyansının digər üzvləri üçün "lider" rolunu oynayacaqdır. Cənubi Amerika ölkələrindəvə ASEAN dövlətlərində (assosiasiya Cənub-Şərqi Asiyanın on ölkəsini əhatə edir) və Avropada, fəaliyyət alyansın vəsaiti hesabına lazımi əməliyyat səviyyəsində dəstəklənəcəkdir, yəni şirkət “davamçı” olacaqdır.
Satış artımı, əsas olan C və D seqmentlərində markanın mövqelərinin möhkəmləndirilməsi, həmçinin elektrikli nəqliyyat vasitələrinin və idman avtomobillərinin bazara çıxarılması sayəsində təmin ediləcəkdir. Ümumilikdə, növbəti üç il ərzində Nissan 12 yeni model təqdim etməyi planlaşdırır. Bununla yanaşı, Yaponiyada elektrikləşdirilmiş avtomobillərin payı ümumi satış həcminin 60 faizinə qədər artmalıdır. Nissan şirkəti 2023-cü ilə qədər dünya bazarında bir milyon elektrokar və e-POWER hibridlərini satmağı planlaşdırır. ProPILOT avtopilotu da unudulmur: sistem 20 ölkədə satılan daha 20 modeldə tətbiq ediləcəkdir.
Bundan əlavə, Nissan biznesin geniş miqyaslı optimallaşdırması aparmağı planlaşdırır. Birincisi, şirkət Cənubi Koreyanı tərk edəcək, ikincisi, Rusiyada Datsun markası altında avtomobil satışını dayandıracaqdır. Qlobal istehsal 20 faiz azalacaq (5,4 milyon avtomobilə qədər), zavodlardakı işin həcmi 80 faizə qədər artacaqdır. Bundan başqa, İspaniya və İndoneziyadakı zavodlar bağlanacaqdır. Model xəttindəki avtomobillərin sayı 69-dan 55-ə qədər azaldılacaqdır. Yeni strategiya çərçivəsində aparılan tədbirlər xərcləri 300 milyard yen (2,8 milyard dollar) azaltmalıdır.
Nəhayət, Renault-Nissan-Mitsubishi alyansının istehsal etdiyi avtomobillərin əksəriyyəti Renault Clio və Nissan Juke modellərinin əsasını təşkil edən CMF (Common Module Family) arxitekturasına keçəcəkdir. Beləliklə, yaxın gələcəkdə Mitsubishi Outlander və Nissan X-Trail modelləri də unifikasiya ediləcəkdirlər.