Yaponiyanın üç iri avtomobil istehsalçılarından biri olan Nissan şirkəti Dünya dözümlülük yarışları çempionatını (WEC - World Endurance Championship) tərk etdiyini açıqlamışdır. Nissan bu ilki «Le Manın 24 saatı» günlük marafonuna üç ədəd öndənçəkilşi GT-R LM Nismo prototipi ilə qatılmışdır. Ən güclü və nüfuzlu LMP1 kateqoriyasında çıxış edən avtomobillərdən yalnız biri finiş xəttini keçə bilmişdir. Komandanın uğursuz çıxışına dözməyən Nissan rəhbərliyi çempionatı tərk etmək qərarına gəlmişdir.
«Komandamızın bütün üzvləri avtomobilin lazımi səviyyəyə çatdırılması üçün böyük səylər göstərmişlər. Lakin, şirkət belə hesab edir ki, komanda onun qarşısında qoyulmuş iddialı məqsədlərə çatmaq iqtidarında deyil və biz uzunmüddətli yarış strategiyasının işlənib-hazırlanması üzərində diqqətimizi cəmləməyə qərar verdik» - deyən Nissan’nın mətbuat xidməti şirkətin çempionatı tərk etməsi səbəblərinə aydınlıq gətirmişdir.
Nissan ən yüksək LMP1 sinfində çıxış etmək niyyətində olduğunu 2014-cü ildə bildirmişdir. Bundan öncə, yapon şirkəti 1999-cu ildə iki avtomobillə günlük marafonda çıxış etmiş və avtomobillərdən birinin ikinci olaraq yarışı tamamlamasına müvəffəq olmuşdur.
Lakin, ikinci avtomobil yarışı başa vura bilməmişdir. Nəticədə, Nissan «Le Manın 24 saatı» marafonunda iştirakdan imtina etmişdir.
Bu il keçirilmiş yarışa, Nissan 1200 at qüvvəli hibrid güc qurğusu olan üç GT-R LM Nismo prototipi ilə qatılmışdır. Hibrid güc aqreqatının tərkibinə altı silindirli benzin mühərriki daxildir. Marafonun sonunda, yuxarıda qeyd etdiyimiz kimi, yalnız bir avtomobil yarışı başa vura bilmişdir ki, o da liderdən 153 dövrə geri qalaraq sonuncu yeri tutmuşdur.
Nissan komandasının çempionatı tərk etməyinə baxmayaraq, yapon şirkəti LM P3 kateqoriyasında çıxış edən özəl komandaları mühərriklə təchiz etməyə davam edəcəkdir.