Nissan şirkəti Leaf elektrokarının yeni nəsli barədə məlumatla paylaşıb. Yaponların bildirdiklərinə görə, nəsil dəyişikliyi ilə birlikdə, Leaf hetçbekdən krossoverə çevriləcəkdir. Nissan şirkətinin yüksək vəzifəli rəhbərlərinə istinad edən “Autocar” nəşri, gələcək Leaf modelinin sələfindən təkcə form-faktoru ilə deyil, həm də platforması ilə fərqlənəcəyini yazır.
Yeni krossover, hazırda Nissan Ariya elektrik krossoverinin əsaslandığı, Renault-Nissan-Mitsubishi ittifaqının CMF-EV arxitekturasında inşa ediləcəkdir. Bu platforma Renault Megane E-Tech modelinin də əsasını təşkil edəcəkdir.
Nissan yeni modelin debüt tarixinə də aydınlıq gətirib. Yığcam krossover 2025-ci ildə təqdim olunacaqdır. Bu tarixə qədər yapon markası model xəttində artıq dörd elektriklədirilmiş avtomobil olmalıdır: Juke, Qashqai, Ariya və X-Trail. Leaf krossoverinin istehsalı Sanderlenddəki zavodda yerləşdiriləcəkdir. Nissan bu müəssisənin modernləşdirilməsinə artıq bir milyard funt sterlinq həcmində sərmayə qoyub. Hazırda bu müəssisədə aktual Leaf modeli, habelə Juke və Qashqai modelləri buraxılırlar.
Nissan Leaf modeli 2021-cu ildə debüt edib, yeddi ildən sonra nəsil dəyişdirərək 150 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən elektromotoru, 40 kilovat-saatlıq litium-ion batareyasını əldə edib.
Digər istehsalçılar kimi, Nissan şirkəti də model xəttinin total elektrikləşdirməsini həyata keçirmək və Renault-Nissan-Mitsubishi ittifaqının ən müasir texnologiyalarından yararlanaraq “batareyalı” avtomobillərin yeni xəttini inşa etmək niyyətindədir. Nissan Europe bölməsinin rəhbəri Giyom Kartyeninin bildirdiyinə görə, 2025-ci ilə yapon markasının model xəttində sırf daxili yanma mühərrikləri ilə hərəkətə gələn avtomobillər qalmamalıdır. Daha beş ildən sonra, markanın satışlarının 80 faizini elektromobillər təşkil etməlidir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.