Nissan yeni sürücüyə yardım sisteminin işini nümayiş etdirən video yayımlayıb. Yaponlar avtomobilə müxtəlif vəziyyətlərin mümkün nəticələrini qabaqcadan hesablamağı öyrədə biliblər. Yəni faktiki olaraq, avtomobil artıq hadisələri proqnozlaşdıra bilər.

Təbii ki, bütün bu işləmələrin gələcək seriya avtomobillərində istifadə olunması planlaşdırılır. İstehsalçının bildirdiyinə görə, belə bir sistem ictimai yollarda təhlükəsizliyi ciddi şəkildə artırmağa yardım edəcəkdir.

Bununla belə, Nissan bununla kifayətlənmək niyyətində deyil. Skyline test sedanında quraşdırılmış avadanlıqların siyahısı lidar, bir neçə kamera və sensorlarla genişləndirilib. Beləliklə, avtomobil real vaxt rejimində yoldakı vəziyyəti təhlil və müəyyən qəza halların qarşısını almaq üçün müstəqil qərar qəbul edə bilər.

Videoçarxda məhz bir neçə belə mümkün ssenari göstərilir. Məsələn, qəflətən yola düşən əşyalar və avtomobilin yolu boyunca baş vermiş gözlənilməz qəzalar. Bundan əlavə, bizə bu sistemin real işi göstərilib:

Skyline "geriyə hərəkət edən" avtomobilin maketini ötərək keçib, "piyadanın" qarşısında dayanıb və hətta ona doğru yuvarlanan təkərdən yayınmağı bacarıb.

Amma ən maraqlısı indiki Leaf elektrokarını əvəz edəcək elektrik krossoverinin tizeri olub. Gələcək kompakt 2025-ci ildən tez debüt etməyəcək,onun görünüşü isə, Chill-Out konseptinin üslubunda olacaqdır.

Konsept Renault Megane E-Tech və Nissan Ariya modellərinin əsasını təşkil edən CMF-EV platformasında inşa olunub. Şirkət hər il təxminən 100.000 belə elektrokarı satmağı planlaşdırır. Bu  onilliyin ortalarından başlayaraq Böyük Britaniyanın Sanderlend şəhərindəki zavodda yalnız elektromobillərin istehsal ediləcəyinin planlaşdırıldığı xüsusilə vurğulanıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.