Keçən payızda nəsil dəyişdirən Nissan Note hetçbekinin premium versiyası peyda olub. Formal olaraq, premium versiya Nissan Note Aura adlanır, lakin marketoloqlar onu baza modelindən ciddi şəkildə uzaqlaşdırırlar: Aura indeksi yazılmış emblem xüsusi ilə önə çəkilir, şirkətin saytında isə belə beşqapılı ayrıca bölmədə yerləşdirilib.
Hetçbekin vizual obrazı qorunur, lakin Aura orijinal bamperlərə (arxa hissədəki qara işləməsiz), radiator barmaqlığına, ön və arxa fənərlərə malikdir. Adaptiv ön fənərlər və 17-düymlük yüngül lehimli təkər diskləri standart təchizata daxildirlər. İkirəngli kuzov adi Note hetçbeki üçün də sifariş edilə bilər, lakin Aura versiyasının öz rəng birləşmələri var.
Salon ağaca bənzər dekor, qapı kartları isə tvidi təqlid edən parça işləmələr ilə bəzədilir. Standart kreslolar - kombinə edilmiş örtük ilə, əlavə ödəniş qarşılığında isə “dəri” ilə üzlənir. Başlanğıc təchizat səviyyəsini zənginlik baxımından Note hetçbekinin top versiyası ilə müqayisə etmək olar. Damın və qapıların səs izolyasiyası gücləndirilib, ön qapılarda isə daha qalın şüşələr quraşdırılıb.
Bose səs sistemi standart təchizata daxildir. Opsiya kimi Bose Personal Plus akustikası təklif olunur. Bu sistemin əsas xüsusiyyəti ön sərnişinin baş dayağının ucunda quraşdırılmış dinamik cütlüyüdür: onlar ön sərnişini xüsusi səslənmə ilə təmin edirlər.
Adi Nissan Note modeli kimi, Aura versiyası da e-Power hibrid güc aqreqatı ilə hərəkətə gəlir. Hibrid qurğunun tərkib hissəsi olan 82 at qüvvəli 1,2-litrlik benzin mühərriki yalnız generator rejimində işləyir və təkərlərlə birbaşa əlaqəsi yoxdur. Hetçbek elektrik dartması ilə hərəkət edir və Aura versiyası üçün ön elektrik moühərrikinin hasilatı 116 at qüvvəsi və 280 Nm-dən 136 at qüvvəsi və 300 Nm- qədər artırılıb. Tam ötürməli versiyalardakı arxa elektrik mühərriki eynidir - aqreqat 68 at qüvvəsi və 100 Nm hasil edir və bütün sürət diapazonunda işləyə bilər.
Əgər Nissan Note modelinin baza versiyasının qiyməti 18.400 dollardan başlayırsa, Note Aura versiyası üçün minimum 23.700 dollar tələb olunur. Dəri salonu olan tam ötürməli versiya 26.900 dollara təklif edilir. Daxili bazardakı satışlara payızda başlanmalıdır.