Nissan üçüncü nəsil Note hetçbekinin iki yeni versiyasını təqdim edib: e-Power 4WD və Autech. Birinci modifikasiya arxa oxu hərəkətə gətirən əlavə elektrik mühərrikinə sahib olub, ikinci versiya isə, modelin 2017-ci ildə fəaliyyətə başlamış subbrendən olan lüks versiyadır.
Tam ötürməli Nissan Note modeli adi hetçbekdə olduğu kimi, ardıcıl tipli e-Power hibrid güc qurğusuna malikdir. Bildiyimiz kimi, 82 at qüvvəli 1,2-litrlik benzin mühərriki batareyanı qidalandıran generatoru fırladır.
Ön oxdakı mühərrik 116 at qüvvəsi, arxadakı isə 68 at qüvvəsi hasil etdirir. Oxlar arasındakı dartma qüvvəsinin optimal şəkildə paylanması elektronika tərəfindən idarə olunur. Arxadakı elektrik mühərriki həm startda, həm kəskin sürətlənmə zamanı, eləcə də ön təkərlərin sürüşməsi halında qoşularaq, qar və buz üzərində hərəkət etməyə kömək edir.
Nissan şirkəti bu sistemin bütün sürət aralığında işlədiyini bildirir. Texnologiya artıq tamötürməli Leaf hetçbekində və Ariya krossoverində (e-4orce adlanır) sınaqdan keçirilmişdir, buna görə onu Note modelinə adaptasiya etməklə bağlı heç bir problem olmayıb. Tamötürməli hetçbek artıq Yaponiyada satışa çıxarılıb. Hetçbek iki təchizat səviyyəsində təklif edilir: S Four və X Four. Onların qiyməti, müvafiq olaraq, 2.288.000 ilə 2.445.300 yen arasındadır.
Nissan Note Autech modeli bir qədər baha başa gələcəkdir - ön ötürməli versiya 2.504.700, tamötürməli versiya isə 2.763.200 yendən satılır. Autech modeli adi hetçbeklərdən nöqtəli naxışı olan radiator barmaqlığı, xüsusi dizayna malik olan təkər diskləri, gümüşü kuzov dəsti və interyer tərtibatı ilə fərqlənir.
İnteryerin tərtibatında süni dəridən və palisandrdan hazırlanmış dekordan istifadə edilir. İkinci cərgənin sərnişinləri üçün dirsəkaltı da nəzərdə tutulub. Bundan başqa, qara Super Black rəngli damla uyğunlaşdırılan eksklüziv mavi Aurora Flare Blue Pearl və ağ Pure White Pearl, habelə qara Midnight Black rəngi də daxil olmaqla kuzovun səkkiz boyama variantı var.