Bu il Nissan şirkətinin 90 yaşı tamam olur. Şirkət 26 dekabr 1933-cü ildə Tobata Casting və Nihon Sangyo firmalarının birləşməsi ilə yaradılıb. Lakin Nissan şirkətinin kökləri daha da dərindir: hələ 1911-ci ildə yapon mühəndisi Masudziro Nasimoto ilk yapon avtomobilini – DAT modelini inşa etmişdi . Bu ad sonradan bütün dünyada məşhur olan Datsun markasına çevrildi və bu marka altında avtomobillər indi də buraxılır. Datsun markası Tobata Casting firması vasitəsilə Nissan şirkətinin bir hissəsinə çevrilmişdi.
Yapon istehsalçısı belə əlamətdar tarixi qeyd etmək üçün, yalnız daxili bazarda satılacaq beş xüsusi versiyanı buraxmaq qərarına gəlib. “90th Anniversary” nəşri Nissan Sakura elektrik kei-karı, Leaf hetçbeki, Note və Note Aura hibrid mikrovenləri və Serena hibrid miniveni üçün əlçatandır. Gördüyünüz kimi, yubiley versiyaları şirkətin aktual gündəliyini vurğulayır və yalnız elektrikləşdirilmiş avtomobillər üçün nəzərdə tutulub.
Bütün xatirə avtomobillərinin eksteryer və interyerində nəzərəçarpan bürünc vurğular var. Bundan əlavə, hər bir modeli adilərindən fərqləndirən cəhətlər də mövcuddur: qara rəngli yan güzgü korpusları və eyni rəngə boyanmış təkər diskləri. Sakura, Note və Note Aura modellərində həmçinin “nappa effekti” olan xüsusi dəri ilə üzlənmiş oturacaqlar da var. Bundan başqa, “90th Anniversary” yazısı olan kuzov stikerlərini, rezin ayaqaltıları və nömrə çərçivələrini birbaşa dilerlərdən sifariş etmək olar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.