Nissan Patrol Nismo modeli çox böyük olmasa da, növbəti yeniləmədən keçib. Modelin iki displeyi olan arxaik multimedia sistemini yeganə 12,3-düymlük ekranı olan müasir sistemlə əvəz ediblər. Eyni zamanda, "bərkgedən" ofrouderi yeni Nissan loqosu əldə edib, lakin texniki hissə dəyişilməz qalıb: 5,6-litrlik atmosfer mühərriki, yeddi pilləli “avtomat” və qoşulan tam ötürmə sistemi.

Nissan Patrol Nismo ofrouderi Fars körfəzi ölkələri üçün eksklüzivdir. Ofrouder hazırkı formada 2021-ci ilin yazında debüt edib və bir il sonra kiçik bir yenilənməyə məruz qalıb.

Amerikada satılan Armada və adi Patrol modellərindən sonra Nismo versiyası yeganə 12,3-düymlük ekrana malik olan müasir multimedia sistemini əldə edib. Mediasistem Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyir və mərkəzi konsoldakı fırlanan açarla idarə olunur.

Digər cəhətdən hər şey dəyişməz qalıb. Hətta kənardan baxsaq, 2022-ci model ilinin Patrol Nismo modelini yalnız yeni Nissan emblemi sayəsində tanımaq olar. Kapotun altında GT-R kupesinin güc qurğusu üzərində işləyən takumi ustaları tərəfindən təkmilləşdirilmiş əvvəlki 5,6-litrlik V8 mühərriki var.

Mühərrik 428 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edir və yeddi pilləli “avtomat” ilə tandemdə çalışır. Ofrouder 100 km/saat həddini 6,5 saniyəyə toplayır və 200 km/saata qədər sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt

Patrol Nismo modeli orijinal aerodinamik kuzov dəsti, yüngülləşdirilmiş 22-düymlük təkər diskləri, Nismo burxılış sistemi, təkmilləşdirilmiş əyləclər, Bilstein amortizatorları və çoxlu sayda elektron köməkçilər ilə təchiz edilir.

Yaxın Şərqdə ofrouder 389 900 dirhəmə (180 300 manat) satılır. Eyni zamanda, adi Patrol modelinin qiyməti 199,900 dirhəmdən (92 400 manat) və beşinci nəsil modelinə əsaslanan Patrol Safari versiyasının qiyməti isə 156,000 (72 200 manat) dirhəmdən başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.