2000-ci illərin ortalarına qədər Nissan Terrano adı altında tamölçülü ofrouder satılırdı. 2013-cü ildə bu ad üzü dəyişdirilmiş Renault Duster modeli üçün bərpa edilmişdi. İndi isə, yapon istehsalçısı Terrano ofrouderini yenidən model cərgəsinə qaytarmağa hazırlaşır: Nissan şirkətinin Pekin avtosalonunda təqdim etdiyi iki yeni konseptdən biri bu məşhur adı daşıyır.
Nissan Terrano PHEV modeli bəzi bazarlarda X-Trail krossoveri ilə Patrol ofrouderi arasındakı boşluğu doldurmaq üçün nəzərdə tutulub. Terrano konsepti LED faralar və işıqlandırılan firma loqotipi olan zəhmli ön hissəyə, həmçinin altlığın qorunmasına, yedəkləmə gözlərinə və köməkçi işıqlandırmaya malikdir. Kuzovun aşağı hissəsində qoruyucu yan kandarlar, damda isə, reylinqlər quraşdırılıb. Kvadrat formalı təkər tağları və arxada quraşdırılmış ehtiyat təkəri ofrouder imicini gücləndirmək məqsədini daşıyır.
Yeni model haqqında rəsmi məlumat verilməyib, lakin onun çərçivəli konstruksiyasını və texniki hissəsini yapon şirkəti ilə Dongfeng konserninin birgə müəssisə olan Zhengzhou Nissan tərəfindən hazırlanmış Nissan Frontier Pro pikapından götürəcəyi gözlənilir. Belə halda, ofrouder tərkibinə 1,5-litrlik benzin turbomühərriki və elektrik mühərriki daxil olan hibrid güc qurğusunu ala bilər. Xatırladaq ki, belə hibrid güc aqreqatı ümumilikdə 435 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir.
Yapon şirkətinin Pekindəki ikinci premyerası isə, çinli gənclərə ünvanlanmış və Nissan NX8 stilində dizayna malik olan Urban SUV PHEV krossoveridir. Ön tərəfdə nazik LED işıqlandırma zolaqları, radiator barmaqlığının əvəzləyən bağlı panel və bamperin aşağı hissəsindəki böyük hava girişi var. Bundan başqa, rəqəmsal xarici güzgülər, qapı tutacaqlarının olmaması və arxa monofənərin qırmızı LED zolaqları diqqəti çəkir. Yenə də konsept haqqında heç bir texniki detal açıqlanmayıb.
Nissan Urban SUV PHEV konseptinin gələcək taleyi barədə heç nə deyilməyib, lakin Terrano PHEV konseptinin seriya versiyasının gələn il təkcə Çində deyil, həm də bir sıra digər bazarlarda peyda olacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









