Nissan şirkəti Cenevrə avtomobil salonunda nümayiş etdirmək niyyətində olduğu X-Trail və Qashqai modellərinin «Premium» indeksi almış konseptual variantlarını təqdim etmişdir. Avtomobillərin xüsusi modifikasiyaları yapon istehsalçısının keçən il krossover seqmentində Avropada əldə etdiyi uğurlara həsr edilmişdir. Hər iki avtomobil qızıl işləmələri olan kuzov elementlərinə və 20-düymlük təkər diskləri ilə təchiz edilir. Əlavə olaraq, Nissan X-Trail karbondan hazırlanmış kapot da əldə etmişdir.
Nissan Qashqai Premium Concept prototipinin xarici görkəmi yapon şirkətinin Avropada yerləşən dizayn-studiyası tərəfindən, X-Trail Premium Concept modifikasiyası isə Yaponiyadakı dizaynerlərin iştirakı ilə tərtib edilmişdir. Nissan şirkəti avtomobillərinin interyerinin şəkillərini dərc etməmişdir. Çox güman ki, onlar rəsmi təqdimat mərasiminə yaxın vaxtlarda dərc ediləcəkdir.
Qashqai modelinin interyerinin tərtibatında ağ rəngli Nappa dəridən və qızılı hörmələri olan karbon işləmələrdən istifadə ediləcək. İstehsalçı Nissan X-Trail krossoverinin interyerini qara və açıq qəhvəyi dəri və ultra-zamşa ilə örtəcək, eyni zamanda ön panel və qapılarda karbon və qara xrom rəngli plastikdən işləmələr quraşdıracaqdır.
Adını çəkdiyimiz iki avtomobildən başqa, Nissan şirkəti «gələcəyin yanacaq doldurma stansiyasını» - elektomobillərin naqilsiz qidalanmasını təmin edəcək stansiyanı göstərmək niyyətindədir.