Nissan şirkəti bu gün Rio de Janeyroda rəsmi olaraq Kicks krossoverini təqdim etmişdir. Artıq bir müddətdir ki, yapon şirkətinin yeni modeli ətrafındakı söz-söhbət səngimək bilmir. Yaponlar gah avtomobilin qeyr-rəsmi şəkillərini, gah da Rio çimərliklərinin birində çəkdikləri videoçarxı yayımlamaqla məşğuldurlardı. Artıq bildiyimiz kimi, Nissan Kicks 2014-cü ildə San-Paolodakı avtomobil sərgisində nümayış etdirilmiş eyni adlı konseptin seriya variantıdır. Avtomobilin işlənib-hazırlanmasında yapon şirkətinin ABŞ, Braziliyaı və Yaponiyadakı dizayn mərkəzləri iştirak etmişdirlər. Konseptin simasında Braziliya yollarının və təbiətinin rəng təzadları əks etdirilmişdir.
Nissan Kicks krossoverinin qabarit uzunluğu 4295 millimetr, eni - 1760 millimetr, hündürlüyü isə 1590 millimetr təşkil edir. Avtomobilin təkər bazasının uzunluğu 2610 millimetrə bərabərdir. Yeni krossoverin təzhizatına dörd kamera vasitəsi ilə avtomobilin ətrafındakı məkanı göstərən Around View Monitor və hərəkət edən obyektləri aşkar edən Moving Object Detection sistemləri daxildir.
Bundan başqa avtomobil 7-düymlük sensorlu ekranı olan, Android Auto və Aplle CarPlay funksiyalarını dəstəkləyən multimedia sistemi ilə də təchiz edilir.
Kicks kompakt krossoverlər seqmentində Nissan Intelligent Mobility sistemini təklif edən ilk avtomobil olacaqdır.
Bununla belə, yapon şirkəti avtomobilin texniki xüsusiyyətləri haqqında məlumatı açıqlamamışdır. Güman edilir ki, yeni krossover Nissan March (Avropada - Micra) hetçbekinin platformasında istehsal ediləcək. Yeni krossoverin mühərrik çeşidinə gəldigdə isə, onun 111 at qüvvəli 1,6-litrlik benzin güc aqreqatının olacağı ehtimal edilir. Güc aqreqatının pilləsiz variator ilə birləşdiriləcəyi ehtimallar sırasındadır.
Nissan avtomobil haqqında ətraflı məlumatı bu ilin avqust ayında açıqlayacağını bildirmişdir. Elə həmin ay yeni krossoverib Braziliyadakı satışlarına start veriləcəkdir. Sonradan, avtomobilin 80 ölkədə satışlarının həyata keçiriləcəyi də bildirilmişdir. Nissan Kicks’in istehsalı yapon şirkətinin Brazilyadakı Resende şəhərindəki zavodunda yerləşdiriləcəkdir. Bu məqsədlə zavoda 192 milyon dollar sərmayə qoyulacaq və yeni 600 iş yeri açılacaqdır.