Gələcək seriya modelinin müjdəçisi olan Nissan Hyper Punk elektrokarı Hyper xəttindəki dördüncü və çox güman ki, sonuncu konseptdir. Hyper Punk kontent yaradıcılarına, rəssamlara və “üslub və innovasiyalara qiymət verənlərə” həsr olunub. O, bu dördlük arasında origamini xatırladan ən künclü-bucaqlı kuzova, çoxlu işıqlandırma texnologiyasına və dünyanı manqa komiksləri üslubunda "görə" bilən süni intellektə malikdir.
Digər Nissan Hyper konseptləri kimi, Hyper Punk da kəskin kənarlara malikdir, lakin bu konseptdə onlar digərlərində olduğundan daha çoxdur. Krossoverin tamamilə çoxbucaqlı səthlərdən ibarət olduğu görünür. Xarici görünüşü diod üçbucaqlısı olan böyük 23 düymlük təkər diskləri tamamlayır ki, bu da avtomobili asfaltdan kənarda istifadə üçün əlverişli edir.
Origami və kiberpunk mövzusu konseptin daxilində də davam edir. Salon, rəng və dekorativ üçbucaqlarla vurğulanan sürücü zonası olan səyyar yaradıcılıq studiyası kimi tərtib edilib. Oturacaq başlığına sürücünün vəziyyətini müəyyən edən sensorlar quraşdırılıb: elektronika musiqi və işığı avtomatik olaraq ona uyğunlaşdırır. Xatırladaq ki, Hyper Tourer miniveni də oxşar funksiyaya malikdir.
Digər bir maraqlı cəhət - xarici kameralardan gələn görüntüləri emal edən süni intellektdir. O, sürücünün istəyi ilə ekranda yapon komiksləri üslubunda və ya digər qrafik naxışa malik olan görüntüləri nümayiş etdirəcək. V2X (vehicle-to-vehicle və ya avtomobil - ətraf mühit) texnologiyası isə ,“əlavə” enerjini digər avtomobillər, qurğular və binalar ilə paylaşmağa imkan verəcək.
Hyper Punk konseptinin canlı debütü, işinə oktyabrın 25-də başlayacaq Japan Mobility Show sərgisində keçiriləcək. Konseptin virtual versiyası Fortnite onlayn oyunundakı Electrify the World bölüməsində peyda olacaq. Tokioda həmçinin yuxarıda adı çəkilən Hyper Tourer miniveni, Hyper Adventure ofrouderi və Hyper Urban krossoveri də nümayiş etdiriləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.