Nissan şirkəti üfüqi ekranların üstünlüklərini açıqlayaraq, şaquli displeylərdən imtina etməyi məsləhət görüb. Arqumentlər arasında təhlükəsizlik, rahatlıq və dizayn da var.
Avtomobili idarə edərkən sürücünün gözləri daim hərəkətdədir. Təbii olaraq, gözlər bir tərəfdən digər tərəfə doğru üfüqi istiqamətdə hərəkət edir. Beləliklə, müşahidə obyekti üfüqi istiqamətdə olduqda insan daha çox məlumat qəbul edir. Bu barədə yapon şirkətini insan-maşın interfeysi (HMI) üzərində çalışma layihəsinə rəhbərlik edən Tomomiçi Uekuri bildirib. O, periferik görmənin də eyni şəkildə işlədiyini vurğulayıb.
Üfüqi displeyi dəstəkləməyin ikinci səbəbi təhlükəsizlikdir. Məlumatlar sürücünün birbaşa baxış xəttində, yola yaxın olan təhlükəsiz bir yerdə göstərilir.
Buna misal olaraq, Nissan Ariya konsept avtomobilinin salonun quruluşu göstərilir ki, burada mühüm məlumatlar avtomobillərin ənənəvi cihazlar paneli olan yerdə göstərilir. Əyləncə sisteminin və digər ikinci dərəcəli sistemlərinin haqqında məlumatlar mərkəzi ekranda əks etdirilir. Hər iki displey uzun əyri paneldə birləşdirilib ki, bu da tək ekran hissini yaradır.
Üçüncü dəlil dizaynla bağlıdır. Nissan hesab edir ki, üfüqi quruluş daha gözəl görünür və müasir avtomobillərin interyerinə daha uyğun gəlir. Şaquli şəkildə yerləşdirilmiş planşetləri isə, yaponlar yad detal hesab edirlər.