Nissan şirkəti əfsanəvi Z sportkarının Nismo bölməsi ilə birlikdə hazırladığı yeni versiyasını təqdim edib. Bu dəfə mühəndislər seriya modelinə əsaslanan GT4 indeksli yarış avtomobilini hazırlayıblar. Nissan Z GT4 haqqında texniki təfərrüatlar hələlik açıqlanmayıb. Bundan əlavə, dərc edilmiş videoçarxda modelin interyeri göstərilmir. Yeni sportkar gələn il yarış debütü etməlidir.
Nissan şirkətinin dərc etdiyi videoçarxda GT4 modelinin yaradılması mərhələlərindən danışılır. Avtomobilin üzərində çalışan mütəxəssislər ilkin olaraq 3,0-litrlik mühərrikin üzərində işləyərək, onun gücünü təxminən 300 at qüvvəsinə qədər artırıblar. Bundan əlavə, onlar şassi və asqı sisteminin işini optimallaşdırıb, aerodinamikanı yaxşılaşdırıb və salon erqonomikasını təkmilləşdiriblər.
Eksteryerdəki yeniliklərə gəldikdə isə, yarış sportkarı Nismo tərəfindən hazırlanmış aerodinamik kuzov dəstini, iri arxa antiqanadı, həmçinin havalandırılan kapotu və kuzovun üzərində GT4 loqotiplərini əldə edib.
Ekspertlərin fikrincə, Nissan sportkarının əsas rəqibləri BMW M4 GT4, McLaren Artura GT4 və Lotus Emira GT4 modelləri olacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.