Nissan şirkəti Yaponiyanın daxili bazarı üçün sedanların istehsalının dayandırılması barədə yayılmış məlumatları təkzib edib. Car Watch nəşrinin şirkətin icraçı vitse-prezidenti Asako Hoşinoya istinadən verdiyi məlumata görə, markanın model çeşidində bir sedan dəqiq qalacaqdır - bu yeni nəsil Skyline sedanı olacaqdır.

Hoşinonun sözlərinə görə, Skyline Nissan markasının simvoludur və avtomobil istehsalçısı onun yeni nəslinin yaradılmasından imtina etməyəcəkdir. Yaponiyada satılan digər iki sedanın - Fuga və Cima modellərinin istehsalına zamanla son veriləcəkdir.

Nissan şirkətinin daxili bazar üçün nəzərdə tutulmuş yeni sedanların yaradılmasını tamamilə dayandımağa hazırlaşdığı barədə məlumat keçən həftəsonu Nikkei agentliyi tərəfindən dərc edilmişdi . Şirkətin hazırkı rəhbərliyinin verdiyi təminata görə, bu planlar Skyline modelinə təsir etməyəcəkdir: modelin taleyi həll olunub və onun yeni nəsli yaradılacaqdır.

Cari 13-cü nəsildən olan Nissan Skyline sedanı 2013-cü ildən bəri istehsal olunur və 2019-cu ilin yayında  planlaşdırılmış restaylinqdən keçib. Yaponiyadan kənarda sedan Infiniti Q50 modeli kimi tanınır. Azərbaycan bazarında Infiniti Q50 sedanı 304 və 405 at qüvvəli 3,0-litrik altısilindrli turbomühərriklər ilə təklif edilir.

Bu arada, Nissan şirkəti 30-illik Skyline modelləri üçün yeni hissələri buraxmağa davam edir. 2021-ci ilin yazında orijinal ehtiyat hissələrinin kataloqunun yeni məhsullarla tamamlandığı məlum olub. Belə ki, paylayıcı qutunun tam dəsti və avtomobilin arxa hissəsinin daxili paneli, habelə kronşteynlər, ötürmələr qutusunun dəstəyinin başlığı, mufta və əyləc silindirləri artıq sifariş üçün əlçatandırlar.

2020-ci ilin sonunda Nissan şirkətinin köhnə Skyline modellərin hərtərəfli bərpasına başladığı məlum olub. Kupe sahibləri üçün bu xidmət 45 milyon yenə (30 min dollar) başa gələcəkdir: bu məbləğə kuzov və aqreqatların qüsurlarının aşkarlanması, köhnəlmiş hissələrin dəyişdirilməsi, avtomobilin yığılması və sınaqdan keçirilməsi daxildir. (c) Autograph.az