Nissan şirkəti Monrealda keçirilən avtomobil sərgisində Rogue (bizim X-Trail kimi tanıdığımız) korossoverinin Warrior əlavəsini almış tırtıllı variantını təqdim etmişdir. Avtomobilin hazırlanmasında Kanadanın Kvebek əyalətindən olan Motorsport in Action avtoidman komandası iştirak etmişdir. Krossover American Track Truck amerikan şirkətinin tırtılları ilə təchiz edilmişdir. Onların ümumi uzunluğu 122 santimetr, eni - 38 santimetr, hündürlüyü isə 76 santimetrdir. Mexanizmləri quraşdırmaq üçün kuzovun konstruksiyasına xırda dəyişikliklər edilmişdir.
Təkmilləşdirilmiş asqı sistemi ilə təchiz edilmiş tam çəkişli krossoverin klirensi 58 santimetrə qədər artırılmışdır. Bununla belə, avtomobilin mühərriki və transmissiyası dəyişilməz qalmışdır.
Nissan Rogue 170 at qüvvəsi olan 2,5-litrlik mühərriklə və Xtronic variatoru ilə hərəkətə gəlir. Krossover, 100 km/saat həddinə kimi sürətlənmək və 40 santimetr dərinliyində qar təbəqəsi üzərində hərəkət etmək və 45 dərəcəlik yoxuşa qalxmaq iqtidarındadır.
Bundan əvvəl, Nissan şirkəti Juke modelinin Nismo Snow adlı tırtıllı variantını təqdim etmişdir.
Bu krossover İsveçin Aryepluq şəhərinin yaxınlığındakı donmuş göldə sınaqdan keçirilmişdir. Sınaqlar zamanı avtomobil 50 santimetrlik qar təbəqəsi ilə hərəkət etmiş və 85 km/saat həddinə qədər sürətlənmişdir. Sonradan Juke Nismo Snow Əbu-Dəbi yaxınlığındakı səhrada sınaqdan keçirilmişdir.