Azərbaycanlı alıcıların həsrətlə gözlədiyi, lakin əldə etmək şansları olmadığı Nissan Titan pikapı yenilənib. Yenilənmiş modelin kütləvi debütü Texas ştatında keçiriləcək yarmarkada baş tutacaqdır. Səbəbi də məlumdur – amerikalılar pikapları çox sevirlər. Hətta, vedrələrlə benzin işlətməsinə baxmayaraq, hər bir amerikalının qapısında ən azından bir pikapın olması mütləqdir. İş o yerə çatıb ki, amerikalı xanımlar görüş zamanı rəfiqələri ilə sevgili və ya geyimlərini deyil, sahib olduqları pikapları müzakirə etməklə vaxt keçirirlər.
Amerikalı xanımlar öz işlərində olsun, biz isə keçək əsas məsələyə. Yapon istehsalçısı yenilənmiş Nissan Titan pikapının daha aqressiv görkəmə malik olacağını and-aman edir. Yenilənmiş avtomobil C-şəkilli gündüz hərəkət işıqları olan ön fənərlərə və iri özəkləri olan radiator barmaqlığına sahib olacaqdır. Pikapın yolsuzluq üçün nəzərdə tutulmuş PRO-4X modifikasiyası ilk dəfə olaraq, qırmızı aksentləri olan “qaynar” loqotipə malik olacaqdır.
Yenilənmiş pikapın texniki hissəsi barədə heç bir məlumat verilməyib. Çox güman ki, Titan 295 at qüvvəsi və 534 Nm fırlanma anı hasil edən 5,6-litrlik V8 mühərriki və yeddi pilləli avtomatik qutu ilə təchiz ediləcəkdir. PRO-4X versiyası isə, əvvəlki kimi yolsuzluq üçün nəzərdə tutulmuş Bilstein amortizatorları, electron qapanması olan arxa differensial və paylayıcı qutunun müdafiə lövhəsi ilə təchiz olunacaqdır.
İki il bundan öncə Nissan şirkətinin Titan modelinin satış coğrafiyasını genişləndirəcəyi barədə məlumat peyda olsa da, bu məlumat sonrakı təsdiqini tapmayıb. Yəni azərbaycanlı Titan həvəskarlarına həsrət çəkməkdən savayı bir şey qalmır.