Nissan şirkəti Tohoku Universitetinin Əczaçılıq elmləri fakültəsi ilə birgə hazırladığı yeni texnologiya barədə danışıb. Bu yeniliyin Covid-19 virusunun omikron ştammı da daxil olmaqla bir çox virusları, habelə müəyyən bakteriya və göbələkləri də “deaktivləşdirdiyi” bildirilir. Buna avtomobil boyaları və laklarına əlavə edilən üzvi qatqılar sayəsində nail olunduğu qeyd edilir. Gələcəkdə bu texnologiya tətbiq edilərsə, avtomobilin lak-boya qatı yeni bir funksiyaya da malik olacaqdır.

Yeni texnologiya Nissan şirkətinin avtomobil sənayesindəki təcrübəsini və Tohoku Universitetinin dərmanların yaradılması, onların qiymətləndirilməsi və digər əczaçılıq elmləri ilə bağlı olan texnologiyalarını özündə birləşdirir. Yeni texnologiyada üzvi nitroksid katalizatorlarından və ya radikal katalizatorlardan istifadə edilir. Onlar avtomobillərin eksteryer və interyerində tətbiq olunan avtomobil boyalarının polimer materiallarına əlavə olunurlar.

Avtomobillərdə belə katalizatorlar fotodeqradasiya reaksiyalarının (boyanın günəş işığının təsiri dağıdılması) qarşısını alır, habelə zamanla materialın çatlamasına, solmasına və kövrəkləşməsinə mane olur. Bununla yanaşı, radikal katalizatorlardan istifadənin viruslara qarşı mübarizə aparmağa imkan verəcəyi də məlum olub.

Qeyd olunur ki, bu maddələr virusların üzvi birləşmələrini oksidləşdirərək və ya başqa sözlə, onun insan hüceyrələrinə bağlanmasına cavabdeh olan tikanşəkilli zülalını təsirsiz hala gətirərək virusları “deaktivasiya” edə bilir. Araşdırmalar katalizatorların SARS-CoV2 koronavirusu (omikron ştammı) ilə otaq temperaturunda və hətta qaranlıqda uğurla mübarizə apardığını müəyyən edib. Bu texnologiya göbələk və bakteriyalara qarşı da effektivdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.