Nissan şirkəti rəsmi olaraq Yaxın Şərqdə satılacaq yeni X-Terra ofrouderini təqdim edib. Navara pikapının əsasında inşa edilən yeddi nəfərlik model, Nissan Terra modelindən fərqlənən dizayna, dəyişdirilmiş salona və yalnız bir mühərrikə sahib olub.
Yeni Nissan X-Terra (modelin əvvəlki nəsli Terra kimi tanınır) yapon markası üçün xas olan klassik üslubda dizayna malikdir. Ramalı ofrouder Patrol modelinin üslubunda radiator barmaqlığına, əlavə müdafiəsi olan iri ön bamperə və C şəklində gündüz hərəkət işıqları olan yeni LED fənərlərə sahib olub. Ofrouder üçün açıq qəhvəyi və tünd qırmızı rənglər də daxil olmaqla yeddi kuzov rəngi mövcuddur.
Nissan X-Terra modelinin salonunda da əhəmiyyətli dəyişikliklər baş verib. Yeddi nəfərlik ofrouder yeni oturacaqlara sahib olub. Arxa sərnişinlər üçün daha yaxşı görünüş təmin etmək üçün, ikinci və üçüncü sıranın oturacaqları xüsusi olaraq bir qədər hündürdə yerləşdirilib. İnteryer tərtibatında qara və açıq boz çalarlardan istifadə edilib. Bundan əlavə, ofrouder rəqəmsal cihazlar paneli, doqquz düymlük sensorlu ekran və arxa sərnişinlər üçün nəzərdə tutulmuş 11-düymlük qatlanan monitorla təchiz edilir. Yenilənmiş Navara modeli kimi, yeni Nissan X-Terra modeli də, üçqollu sükan çarxını, ön və arxa sıra üçün ayrıca USB portlarını əldə edib.
Yeni X-Terra modelinin təchizatına hərəkət zolağına və kor zonalara nəzarət sistemləri, habelə öndən toqquşmaları xəbərdar edən intellektual sistem var. Lakin, bütün bu opsiyalar yalnız Platinum təchizat səviyyəsində mövcud olacaqdır.
Yeni Nissan X-Terra modeli üçün yalnız bir mühərrik təklif edilir. Yeni ofrouder 165 at qüvvəsi və 241 Nm fırlanma anı hasil edən 2,5-litrlik dördsilindrli benzin mühərriki ilə təchiz edilir. Güc aqreqatı 7-pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Yeni ofrouderin dinamik xüsusiyyətləri hələlik açıqlanmayıb, lakin X-Terra modelinin arxa differensialın elektron kilidlənməsi olan daimi tam ötürmə sistemi ilə təchiz edildiyi məlumdur.
Yeni Nissan X-Terra modeli gələn ay Yaxın Şərqdə satışa çıxarılacaqdır. Yolsuzluq avtomobilinin qiyməti hələlik açıqlanmayıb.