Nissan şirkəti X-Trail krossoverinin mühərrik çeşidinə 190 at qüvvəli iki litrlik dizel güc aqreqatını daxil edəcəkdir. Bu barədə “Auto Express” nəşrinə yapon markasının Avropa bölümünün vitse-prezidenti Ceyms Rayt məlumat vermişdir.

Ən güclü dizel mühərriki 2017-ci ildə təqdim ediləcək yenilənmiş Nissan X-Trail modeli üçün nəzərdə tutulmuşdur. Gözlənilənlərə görə, Nissan X-Trail zahiri cəhətdən bir sıra dəyişikliklərə məruz qalacaqdır, onun texniki hissəsini isə cüzi təkmilləşdirilmələr gözləyir. Krossoverin yenilənmiş variant Skoda Kodiaq modelinin 190 at qüvvəli dizel modifkasiyası ilə rəqabət aparacaqdır. Bundan əlavə, X-Trail modelinə 194 at qüvvəli 2,2-litrlik dizel mühərrikləri olan Kia Sorento və Hyundai Santa Fe modelləri də rəqib olacaqdırlar.

Hal-hazırda Nissan X-Trail modeli Azərbaycan bazarında 170 at qüvvəli 2,5-litrlik benzin mühərriki, pilləsiz variator və tam çəkiş sistemi ilə təklif edilir. Avtomobil iki təchizat səviyyəsinə malikdir və 52500 - 55900 manat arasında qiyməti ilə təklif edilir.