Nissan şirkəti X-Trail krossoverinin təchizatına dron daxil edilmiş xüsusi variantını təqdim etmişdir. İstehsalçı, Parrot Bebop 2 kvadrokopteri və xüsusi daşıma çatası ilə təchiz edilən Nissan X-Trail X-Scape modelindən 1200 ədəd buraxmağı planlaşdırır.
Gövdəsində Nissan loqotipi həkk edilmiş dronun çəkisi 500 qramdır. Dron, Android və IOS əsasında yaradılmış qurğular üçün uyğun olan Follow me ( «məni təqib et») funksiyası ilə təchiz edilmişdir. Dronun dəstinə Parrot Skycontroller uzaqdan idarə pultu və Parrot Cockpit Glasses videoeynəyi daxildir.
Eynək real vaxt rejimində 14 meqapiksellik kameradan alınan görüntüləri əks etdirir. Dron, həmçinin çəkilişin yüksək kefiyyətini təmin edən kameranın rəqəmsal sabitləşdirilməsi sistemi ilə də təchiz edilmişdir. Uçuşun maksimal müddəti 25 dəqiqə təşkil edir. Nissan X-Trail X-Scape modeli yalnız 130 at qüvvəli 1,6-litrlik mühərriklə və Tenka təchizat səviyyəsinə daxil olan bütün opsiyalarla birlikdə təklif edilir. Bu opsiyaların arasında oturacaqların elektriklə tənzimlənməsi və qızdırılması, salonun dəri ilə tərtibatı, həmçinin çoxlu sayda təhlükəsizlik və yardım sistemləri də mövcuddur.
Avtomobillər Qərbi Avropada beş və yeddi yerlik salonla təklif ediləcəkdir. Onların dəyəri və satışların başlanması müddəti barədə məlumat verilməmişdir.