Bizə yaxşı tanış olan Nissan X-Trail krossoveri ABŞ-da Rogue adı ilə məşhurdur. Onun cari nəsli 2020-ci ilin ortalarında debüt edib və 2023-cü ilin payızında yenilənib. Hazırda krossover yalnız 1,5-litrlik üçsilindrli turbomühərrik (204 at gücü, 305 Nm) və variator ilə təklif olunur. Lakin tezliklə ailəyə qoşulan hibrid də daxil olacaq. Lakin bu tamamilə fərqli bir avtomobildir!
Həqiqət bundan ibarətdir ki, ən son Rogue plagin hibridi əslində adı dəyişdirilmiş Mitsubishi Outlander PHEV modelidir. İki qohum modelin ortaq platformaya malik olmasına baxmayaraq, maliyyə çətinlikləri çəkən Nissan şirkəti Outlander PHEV krossoverinin texnikasını Rogue modelinə inteqrasiya etmək əvəzinə, avtomobili bütövlükdə Mitsubishi şirkətindən götürmək qərarına gəlib.
Paralel-ardıcıl hibrid sistemi restaylinqdən əvvəlki Outlander PHEV krossoverindən götürülüb. Güc qurğusu 2,4-litrlik benzin aqreqatından (133 at qüvvəsi, 195 Nm) və iki elektrik mühərrikindən ibarətdir. Ön mühərrik 116 at qüvvəsi və 255 Nm, arxa mühərrik isə, 136 at qüvvəsi və 195 Nm hasil edir.
Sistem ümumi gücü 251 at qüvvəsi təşkil edir. 20 kilovat/saatlıq batareya sırf elektrik dartması ilə 61 kilometr gediş məsafəni təmin edir. Lakin yenilənmiş Outlander PHEV daha yüksək ümumi gücə (306 at qüvvəsi) və daha böyük batareyaya (22,7 kilovat/saat) malikdir.
Zahiri cəhətdən Nissan Rogue Plug-in Hybrid modeli Mitsubishi Outlander PHEV krossoverindən radiator barmaqlığı və loqotipləri ilə fərqlənir. Mitsubishi avtomobilinin firma xrom örtmələri yuxarıda parlaq qara rəngə, aşağıda isə, kuzov rənginə boyanmaqla “gizlədilib”. Bununla belə, Outlander Black Edition versiyasından götürülmüş 20-düymlük təkər diskləri və qara kuzov aksentləri donor modelini biruzə verirlər.
Donor modeli kimi, Rogue hibridi də üçsıralı, yeddi oturacaqlı salona malikdir. 12,3 düymlük rəqəmsal cihazlar paneli və multimedia sisteminin doqquz düymlük mərkəzi displeyi ilə təklif edilir. Əslində, elektrikləşdirilməmiş Rogue modeli 12,3-düymlük displeylə təchiz olunur.
Buna baxmayaraq, Nissan Rogue Plug-in Hybrid standart olaraq yaxşı təchizata malikdir. Krossoverin baza təchizatına LED faralar, qızdırılan ön oturacaqlar, dörd USB portu və sürücü köməkçiləri dəsti daxildir.
Ən yüksək səviyyəli Platinum təchizatına 10-düymlük ön ekran, dəri üzlük, doqquz dinamikli Bose audio sistemi, elektrik ötürməli panoram lyuk, qızdırılan arxa oturacaqlar və sükan çarxı, arxa pərdələr və iki 120 voltluq elektrik rozetkası əlavə olunur. Bununla belə, versiyalar arasındakı zahiri fərqlər yalnız parlaq qara dam reylinqləri ilə məhdudlaşır.
Nissan Rogue Plug-In Hybrid modelinin kütləvi təqdimatı 21 noyabrda Los Ancelesdə keçiriləcək avtosalonda təqdim olunacaq. Plagin hibridin ABŞ-dakı satışlarına gələn ilin əvvəlində başlanmalıdır.
Qiymətlər barədə məlumat verilməyib, yəqin ki, bu məlumat satışların başlanmasına yaxın vaxtlarda açıqlanacaq. Xatırladaq ki, ABŞ-da Mitsubishi Outlander PHEV modelinin qiyməti 40.500 dollardan (çatdırılma və vergilər nəzərə alınmadan) başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









