Yapon brendi Hyper Adventure adlandırdığı yeni konsepti məhz belə mövqeləndirir. Yenilik futuristik dizayna və genişləndirilmiş ofroud imkanlarına malik olan krossoverdir - o, çətin şəraitlərdə istifadə üçün nəzərdə tutulub və ilk növbədə qış idmanı həvəskarlarına ünvanlanıb. Qeyri-adi həllər arasında baqaj bölümündə quraşdırılan qatlanan nərdivan və 180 dərəcə dönən arxa oturacaqlar var.
Hyper Adventure oktyabrın əvvəlində təqdim edilmiş Hyper Urban prototipindən sonra Hyper xəttindən olan ikinci konsept avtomobilidir. Onların hər ikisi qeyri-adi sxemlə yuxarıya doğru açılan ön və arxa qapıları, habelə çoxlu qırıq xətləri olan bucaqlı kuzovu ilə seçilir.
Hər iki konsept üçün 5-ci səviyyəli avtopilot və tam ötürmə sistemi bəyan edilib, lakin Nissan texniki göstəriciləri açıqlamır.
Hyper Adventure konseptinin salonunda alın şüşəsinə yaxınlaşdırılmış rəqəmsal cihazlar paneli və proyeksiya ekranını görmək olar.Daha bir displey sükan çarxına quraşdırılıb. Mərkəzi tuneldə dörd analoq açarı var.
Arxa divan qeyri-adi formaya malikdir və tam şəkildə 180 dərəcə dönür: çox güman ki, bu həll baqajdan açıla bilən pilləkənlər ilə birlikdə xizəkçilərin paltar dəyişməsini asanlaşdırmaq məqsədi daşıyır.
Hyper Adventure və Hyper Urban konseptlərinin ictimai təqdimatı oktyabrın 26-da Tokioda açılacaq Japan Mobility Show sərgisində baş tutacaq. Nissan stendində Hyper seriyasından olan və üzərilərindən sirr pərdəsi götürülməmiş digər konseptlərin də nümayiş ediləcəyi gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.