Keçən ilin yazında Nissan şirkəti The Arc adlı model cərgəsinin qlobal inkişaf strategiyasını təqdim edib. Strategiyada Çin bazarına xüsusi diqqət yetirilir və bunun üçün Dongfeng konserni ilə birlikdə dörd elektrikləşdirilmiş model hazırlanır. Onlar artıq aprel ayında konseptlər şəklində nümayiş etdirilib və artıq ilk seriyaöncəsi model hazırdır - bu, Nissan N7 elektrik sedanıdır.

Axarlı kuzov formaları, radiator barmaqlığının olmaması, yeganə LED zolağı olan iki səviyyəli faralar, arxada monoişıq, işıqlandırılan loqotiplər və irəli çıxan qapı tutacaqları - bütün bunlar artıq müasir Çin elektromobili üçün standarta çevrilib və Nissan N7 bu standarta tam uyğun gəlir. O, ölçülərinə görə mövcud olan Nissan Altima modelindən daha böyükdür: elektrokarın uzunluğu 4930 millimetr, eni - 1895 millimetr, hündürlüyü - 1487 millimetr, təkər bazası isə, 2915 millimetrdir.

Sedanın salonu hələlik göstərilməyib, odur ki, Quançjou avtosalonundakı stenddəki avtomobilin şüşələrinin tündləşdirilmiş olmasında təəccüblü bir şey yoxdur. Lakin artıq Adaptive Body AI alqoritminə malik olan innovativ AI Zero Pressure Cloud Carpet kreslolarının quraşdırılacağı vəd edilib. Onlar süni intellekt ilə yanaşı, bədən mövqeyini izləmə sisteminin 49 sensoru ilə təchiz olunurlar. 

Üzlüyün səth qatında yaradılmasına üç il sərf edilən unikal gel materialından istifadə olunub. Bütün bu tədbirlər kompleksi oturacaqların formasını və dəstək dərəcəsini sərnişinin bədən quruluşuna uyğun olaraq dinamik şəkildə tənzimləməyə imkan verir. Bort elektronikası 32 GB RAM və 256 GB məlumat yaddaşı olan qabaqcıl Qualcomm Snapdragon 8295P prosessorundan istifadə edir ki, bu da sistemin çevik işini və sabitliyini təmin etməlidir.

Nissan N7 elektromobili yeni Dongfeng Nissan modul platformasına əsaslanan ilk model olacaq. Bu, təkcə sırf elektrik modelləri deyil, həm də təkrar doldurulan hibridlər yaratmağa imkan verir. Arxitekturanın özəlliyi Çinin Momenta şirkəti ilə birgə hazırlanan avtomatlaşdırılmış idarəetmə sistemlərinin dərin inteqrasiyası olacaq. Bu firma sistemin yüksək səviyyədə muxtariyyətini təmin etməli olan avtopilot alqoritmlərində süni intellektin tətbiqi üzrə ixtisaslaşıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nissan N7 sedanının seriya istehsalı və satışı 2025-ci ilin birinci yarısında başlayacaq, 2026-cı ilin sonuna qədər isə, bazara yeni seriyanın daha üç modeli daxil olacaq: bir sedan və iki krossover. Dongfeng Nissan istehsalın təşkilinə 10 milyard yuandan (1,4 milyard dollar) çox sərmayə qoymağa hazırdır və birgə müəssisənin komandası üç il ərzində iki min nəfərdən dörd min nəfərə yüksələcək. Görünən odur ki,  çətinliklərlə qarşılaşmış Nissan şirkəti çətin maliyyə vəziyyətindən yaxa qurtaqmaq üçün Çin bazarına böyük ümid bəsləyir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.