Nissan şirkəti yeni nəsil Juke krossoverinin ikinci tizerini dərc edib. Yeni tizerdə avtomobilin ön hissəsini aydın görmək olur. Gözlənildiyi kimi, yeni Juke sələfinin tanınan cizgilərini qoruyub-saxlayıb. Eyni zamanda yeni Nissan Juke krossoverinin ikimərtəbəli işıq texnikası yeni formalara malik olub.
Tizerdən də göründüyü kimi, gündüz hərəkət işıqları artıq kuzovun üzərindən çıxmır. Onlar daha nazik və səliqəli formalara malik olublar. Yumru fənərlər yerlərində qalıblar, lakin onların tərtibat dəyişdirilmişdir.
Yeni nəsil Nissan Juke CMF-8 platformasında inşa edilib və ikinci nəsil Renault Captur krossoverinin yaxın qohumu olacaqdır. Bu o deməkdir ki, krossoverin kapotunun altında 1,0 və 1,3-litrlik benzin turbomühərrikləri və 1,5-litrlik dizel aqreqatı yerləşəcəkdir. Avtomobilin mühərrik çeşidində hibrid güc qurğusunun peyda olacağı da istisna edilmir.
Yeni krossoverin təqdimatı 3 sentyabr tarixində keçiriləcəkdir.