Yeni sedan haqqında təfərrüatlar Çinin Sənaye və Ticarət Nazirliyinin açıq məlumat bazasında peyda olub. Nissan N7 modelinin istehsalına cari ilin birinci yarısında başlanacaq və artıq litium-dəmir-fosfat batareyasına və arxa ötürməyə malik olan sırf elektrik (272 at qüvvəsi) versiyası sertifikatlaşdırmadan keçib. Sedan, skeytbord platforması olan Dongfeng-Nissan arxitekturasında inşa edilən ilk avtomobil olacaq və Momenta firmasının L2 avtonom idarəetmə sistemlərini alacaq.
Nissan N7 modelinin uzunluğu 4930, eni – 1895, hündürlüyü isə, 1487 millimetr təşkil edir. Təkər bazasının ölçüsü 2915 millimetrdir. Beləliklə, yapon markasının modeli demək olar ki, Dongfeng konserninin eπ 007 modelini təkrarlayır: həm oxlar arasındakı məsafə, həm də elektrik mühərriklərinin xüsusiyyətləri eynidir. Ümumi cəhətlərin bununla bitməyəcəyini gözləmək olar.
Nissan N7 sedanı Mazda EZ-6 modelinin sxeminə uyğun olaraq hazırlana bilər. Qeyd etmək gərəkdir ki, Mazda şirkətinin tərəfdaşı Changan şirkətidirsə, Nissan N7 isə, Dongfeng modelinin əsasında layihələndirilib. Belə halda, yeni Nissan benzin generatoru və müxtəlif tutumlu batareyaları olan hibrid versiyaları ala bilər, elektromobillərin yürüş ehtiyatı isə, 530-620 kilometr təşkil edəcək. Yapon şirkəti həmçinin Qualcomm Snapdragon 8295P prosessoru olan qabaqcıl elektronikanı vəd edir.
Yeni Nissan N7 sedanı haqqında bütün təfərrüatlar bu ilin birinci rübünün sonuna qədər açıqlanmalıdır, çünki satışın başlanması ilin birinci yarısına planlaşdırılıb. Ümumilikdə, Arc strategiyası üç il ərzində 30 modelin buraxılmasını nəzərdə tutur və Nissan şirkətinin hazırkı maliyyə vəziyyəti bu planın tərəfdaş olmadan həyata keçirməsini imkansız edir. Lakin bu plan Honda ilə birləşmədən əvvəl qəbul edilib və ona düzəlişlərin edilməsi mümkündür.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.