Bu gün internet şəbəkəsində Navara pikapının bazasında inşa edilən yeni ofroderin fotoşəkili peyda olub. Bu fotoşəkli Headlightmag jurnalına istinad edən Paultan nəşri yayıb.
İlkin məlumata görə, orta ölçülü yolsuzluq avtomobili Xterra və ya Paladin adlandırılmalıdır.
Cəsuslar yeni avtomobilə ilk dəfə, keçən ilin ortalarında keçirilən sınaqlar zamanı rast gəliblər. O zaman avtomobil tamamilə kamuflyaja bürünübmüş. Buna baxmayaraq, avtomobilin radiator barmaqlığı və duman əleyhinə fənərlərinin üstü örtülməmiş olub. Bu elementlər şəkildə təsvir edilənlərə bənzərdir. Yeni ofroderin mühərrik çeşidini Nissan Navara pikapı ilə bölüşdürəcəyi ehtimal olunur. Hazırda Nissan Navara 160 və 190 at qüvvəsinə malik olan 2,3-litrlik dizel güc aqreqatı ilə təklif olunur. Güc aqreqatları altı pilləli mexaniki və ya yeddi diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz edilirlər. Böyük ehtimalla, yeni ofroder də Navara kimi arxa və tam ötürməli çəkiş ilə təklif ediləcəkdir.
Yeni modelin bu il debüt edəcəyi bildirilir.